General: “Bu təlimlər müharibənin ən böyük məşq hissəsidir”

“Bundan o yana təlimlər olmur. Məqsəd sabah Ali Baş Komandan tərəfindən əmr verilsə, Qarabağı işğaldan azad etməkdir”



Prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən, bu gündən mayın 22-dək Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək. Təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin, təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılacaq.

Təlimin niyyətinə əsasən düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin, silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadəsi nəzərdə tutulur.

Keçiriləcək təlimlərin irimiqyaslı olduğunu deyən sabiq birlik komandiri, general-leytenant Yaşar Aydəmirov “Sherg.az”a açıqlamasında bildirib ki, bütün heyətlər təlimdə tam şəkildə iştirak edəcəklər. Onun sözlərinə görə, eyni zamanda Müdafiə Nazirliyinin balansında olan ordu da təlimə qoşulub:

“10 min nəfərdən artıq şəxsi heyət, tanklar və digər ehtiyat növləri təlimə cəlb olunub. Əsas məqsəd odur ki, döyüş hazrılığı yüksək səviyyədə olsun, qoşunlar arasında qarşılıqlı əlaqələr yoxlanılsın. Təlimlərin keçirilməsi kəşfiyyat və rabitə baxımından çox vacibdir”.

Y.Aydəmirovun fikrincə, bu təlimlər həm də müharibənin ən böyük məşq hissəsidir:

“Bundan o yana təlimlər olmur. İrimiqyaslı təlimlər Ali Baş Komandanın təsdiq etdiyi plana əsasən illik planlı təlimlərdir. Bu təlimin əsas məqsədi sabah ali baş komandan tərəfindən əmr verilsə, Qarabağın işğal azad olunması üçündür. Baxmayaraq ki, pandemiya baş verib, amma ordumuz təlimlərdə iştirak edir. Bütün hərbi ekspertlər bu təlimlərin izləyirlər. Ordumuzun hansı səviyyədə olduğunu öyrənirlər”.