“Güclülər” imtahandan kəsildilər, Azərbaycan isə üzüağ çıxdı”

“Ağır və çətin imtahan qarşısında özünü itirməyənlər, bəla ilə sistemli mübarizə aparanların sırasında qətiyyətlə demək olar ki, ölkəmiz birincilərdən oldu”


“Dünyanı və ölkəmizi qəfil yaxalayan koronavirus pandemiyası bir çox məsələləri qabarıq şəkildə üzə çıxardı”. 

Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. 

Deputat bildirib ki, pandemiya hansı dövlətin bu bəlaya qarşı səfərbər olmağı bacardığını, hansı ölkələrin əməldə nəyə qadir olduğunu açıq-aşkar ortaya qoydu: 

“Son 3-4 ayda yaşananlar nüfuzlu dövlətlərin, dünyaya ağalıq etmək iddiasında olanların, demokratiyadan dərs keçənlərin bir çox əyər-əskiklərini, bəlanın qarşısında acız qaldıqlarını çılpaqlığı ilə dünyaya nümayiş etdirdi. Həmin ölkələrdə yaşananlar, yoluxma və ölüm faktlarının çoxluğu, tibbi personalın, mütəxəssislərin, tibbi ləvazimatların, maskaların və spirtlərin çatışmazlığı iddialarla reallıqların üst-üstə dümədiyini göstərdi. Silah-sursat, maliyyə, əhali və ərazi cəhətdən güclü, böyük olmaq hələ tam mənada güclü olmaq demək deyil.

Güclü olmaq istənilən qəfil situasiya hazır olmaq, fors-major vəziyyətlərdə özünü itirməmək, dövləti səfərbər edərək vətəndaşın yanında yer almaqdır. Həmin “güclülər” bu imtahandan 2 aldılar. Ağır və çətin imtahan qarşısında özünü itirməyənlər, bəla ilə sistemli mübarizə aparanların sırasında qətiyyətlə demək olar ki, Azərbaycan birincilərdən oldu.

Prezident İlham Əliyevin düşünülmüş və müdrik siyasəti, görülmüş işlər, atılmış addımlar nəticəsində ölkəmizdə koronavirus pandemiyasının genişlənməsinin qarşısını ala bildi. Düzdür, bizdə də yoluxanlar, dünyasını dəyişənlər var. Amma bununla belə, sağalaraq ailələrinə qovuşan, normal həyatlarına qayıdan insanlar yüzlərlədir. Ən əsası ölkəmizdə virusun kütləvi hal almadı. Azərbaycan dövləti öz vətəndaşını qoruya bilmək üçün bütün addımları atdı”. 

Parlament üzvü vurğulayıb ki, son 3 ayda çox mühüm tədbirlər görülməsi pandemiyanın təsirlərini minimuma endirdi: 

“Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, dövlət büdcəsindən vəsait ayrılması, ölkə başçısının tapşırığı ilə “Tədbirlər Planı”nın hazırlanması, 2,5 milyard manatlıq sosial paketin hazırlanması, xəstəxanların açılışı, tibbi maskalar istehsal edən müəssisələrin işə salınması deyilənlərin əyani təsdiqidir. Misalların sayını artırmaq olar, ancaq görünən dağa bələdçi nə lazım? Hər şey göz önündədir. O cümlədən, bu bəlaya qarşı mübarizədə ölkəmizin bir çox ölkəyə və beynəlxalq quruma dost əlini uzatması, maliyyə yardımı göstərməsi də Azərbaycanın nə qədər güclü və qüdrətli bir ölkə olmasının əyani təcəssümüdür.

Azərbaycan tək indi deyil, bundan əvvəllər də çətin iqtisadi durumla üzləşən ölkələrə yardım, dostluq, qardaşlıq əlini uzadıb. Serbiyaya, Macarıstana, Belarusa, Gürcüstana və başqa ölkələrə edilən yardımlar bunun bariz nümunəsidir. Bunlar bir daha onu göstərir ki, Azərbaycan sözdə deyil, əməldə tərəfdaş və dostdur. Bu baxımdan, ölkəmizin çətin günlərdə də bir çox ölkəyə və beynəlxalq quruma yardım etməsi təsadüfi və gözlənilməz sayıla bilməz. Prezidentin Dövlət Televiziyasına müsahibəsində vurğuladığı kimi, çətin gündə kimin imkanı varsa, kömək etməlidir, həyatda da, siyasətdə də. Bu, bizim, necə deyərlər, adət-ənənələrimizə də uyğundur.

Ona görə belə zamanlarda yardımın göstərilməsi çox düzgün addımdır. Prezident bir daha həm ölkəmizin, həm xalqımızın, həm də özünün gücünü, qüdrətini hər kəsə  nümayiş etdirdi. Bəli, ölkə Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanımız çox şeylərə qadir olub. Azərbaycan hər zaman öz dostlarının, müttəfiqlərinin yanındadır. Bu, bizim yolumuz, dəyişməyən siyasətimiz və dəyərlərimizə sadiqliyimizdir”.