"Övladlar bəzən valideynlərini cəzalandırmaq məqsədilə intihara cəhd edirlər" - Psixoloq


  Bu günlərdə yenə intihara cəhd olub. Düzdür, polis əməkdaşlarının çevikliyi sayəsində cəhdin qarşısı alınıb. Təəssüfləndirici məqam isə başqadır. Belə ki, adətən yeniyetmə və gənclər intihar etmək istəyirlər. Ömürlərinin ən gözəl çağını yaşayanlar niyə belə bir  yolu seçirlər? Onları buna vadar edən nədir?

Psixoloq Fərqanə Mehman qızı “Sherg.az” açıqlamasında mənfi tendensiyanın müxtəlif məqamlarla bağlı olduğunu söyləyib:

“Əvvəla bilmək lazımdır ki, yeniyetmə və gənclər həmişə fərqlənmək istəyir və dolayısı ilə çılğınlığa meyil göstərirlər. Həm də belə ailələrdə “ölüm” sözündən tez-tez istifadə edilir. Adətən valideynlər “ölsə idin canım qurtarardı” kimi ifadələri müntəzəm işlədirlər. Nəticədə övladlar bir növ valideynlərini cəzalandırmaq məqsədilə bu yola baş vururlar. Üçüncü səbəb isə imtahanlarla əlaqəlidir. Bildiyimiz kimi, bu yaşda olanların əsas qayğısı universitetə qəbul olmaqdır. Bəzən valideynlər övladlarının üstünə o qədər gedirlər ki, yeniyetmə və gənclərin intihardan başqa çarəsi qalmır”. 

 F. Mehman qızının sözlərinə görə, özünütəsdiq cəhdləri də bəzən intiharla nəticələnə bilər:

“İndiki dövrdə gənclər çox ciddi rəqabət şəraitindədirlər. Texnikanın geniş imkanları buna imkan verir. Amma bəzən rəqabət effektsiz qalır. Heç kimə heç nəyə nail ola bilmir.  Odur ki, yeniyetmə və gənclər özlərini təsdiq etmək, cəsarətli olduqlarını göstərmək naminə bir anın içində həyatlarına son vermək istəyirlər. Şəxsən mən intihar hallarını çox ictimailəşdirməyin də əleyhinəyəm. Yayılan analoji videolar intiharı insanların gözündə sadələşdirir, sanki camaatı özünə çəkir”. 

Psixoloq qeyd etdi ki, aysberqin bir də görünməyən tərəfləri var:

“Heç də bütün intiharların səbəbi maddiyat, ailədaxili çətinliklər, işdə yaşanan problemlər deyil. O, sadəcə görünən tərəfdir. Əslində isə hərəkətverici qüvvə şüuraltı travmalardır. Bu, sonradan depressiyaya, xroniki depressiyaya gətirib çıxarır. Bir də baxırsan ki, özün belə fərqində olmadan intiharın astanasındasan. İnhihara meyilliliyin də dərəcələri var. Əgər yüngüldürsə, psixoloji söhbətlərlə, konsultasiyalarla problemi həll etmək mümkündür. Əks halda isə psixotrop dərmanlara, antidepressantlara da ehtiyac olur”.