"Gündə 8 saat rəsm çəkirəm, bu istəyin, enerjinin qarşısında koronavius dura bilməz"  - Rəssam

"Yarpağın titrəməsindən, onun üstündəki şehdən zövq almaq hər adama nəsib olmur"


 Yaşadığımız pandemiya dövrü hər kəsə, hər sahəyə öz təsirini göstərdi. Bu, həm də bir dərs oldu.  Yoluxma halları daha çox olan ölkələrin iqtisadiyyatı, vətəndaşların psixologiyasının pozulması koronaviusun ən  başlıca zərərlərindəndir.

Sherg.az olaraq biz də istər karantin müddətində,  istərsə də daha sonra müxtəlif peşələrin nümayəndələri ilə həmsöhbət olduq. Covid-19 gündəliklərindəki söhbət tarixçəmizə nəzər salanda silahı fırça, boya olan rəssamların fikirlərini öyrənmədiyimizi gördük. Elə bu məqsədlə tanınmış rəssam, Rəssamlar ittifaqının üzvü Rakif İsmayılovla dərdləşdik.

Həmin müsahibəni təqdim edirik.



 - Maraqlıdır, bu çətin günlərdə bir rəssamın həyatında nə yeniliklər var?

- Dünən Fransada 4 ildi keçirilən müsabiqədə qalib olmuşam. 1655 rəssamın içərisində, portret yarışmasında birinci yerə layiq görülmüşəm. Fransız rəssam Klod Monenin portretini işləmişəm. O ki qaldı pandemiyaya, xəstəlik həmişə olub, olacaq da. Rəssam adamam oturub, başımı qarışdırıram, mütaliə edirəm. Rəsm çəkirəm, müsabiqələrdə iştirak edirəm.  Şükür Allaha həmişə özümü qorurmuşam, sağlamlığımın keşiyində durmuşam. Gündəlik yemək rasionuma ağartı, meyvə tərəvəz kimi  qidalar əlavə edirəm, özümü yaxşı hiss edirəm. Şairin gözəl sözü var, deyir: " Səadət insanın öz əlindədir.
İşində, gücündə əməlindədir."
Uşaq vaxtından cəlb olunduğum  zəhmət, əmək məni tərbiyə edib. Masallı rayonundanam, ailəmiz böyük olub. Dərslərimi yaxşı oxumuşam, idmana da, rəssamlığa da getmişəm. 1974-də Əzim Əzimzadə adına rəssamlıq akademiyasına qəbul olmuşam, Moskvada təhsil almışam. Özüm də əvvəldən nizam-intizam yaratmışam. Norma ilə gündəlik 8 saat rəsm çəkirəm. Bu istəyin qarşısında nə covid-19, nə də koronavius dura bilməz.

- Ümumiyyətlə ölüm saçan bu virus haqqında nə düşünürsünüz?

 - Koronavirus Çin dilində "burdan çıx get" deməkdir. ( gülür) Bunlar hamısı böyük dövlətlərin oyunudur, laboratoriyada düşünülmüş şəkildə hazırlanan virusdur. Bioloji, kimyəvi müharibələr kimi... Heç vaxt inanmamışam, xəstə-xəstədir, sağlam da sağlamdır. Öz qədrini bilmirsənsə ona millət neynəsin?  Adam var içkiyə  qurşanıb. Buna virus neynəsin? Virus da immuniteti zəif adamlara  təsir edir. Bu da qripin bir növüdür, qripin özü ondan təhlükəlidir. Elə rejim qurmuşam ki, hər gün 7-8 saat işləyirəm. Ona  görə müsabiqədə iştirak edib, yer tutmuşam. Mənə məsləhət etdilər ki, böyük rus aktyoru Valentin Qaftin  portretini çəkim, onu işləyirəm. Böyük rus mütəfəkkirinin sözü var:" Heç kimə inanma, heç kimdən qorxma, heç kimdən də bir şey tələb etmə". Bu üç amilə əməl etsəniz çox yaşayarsınız. İnsan başını aşağı salıb,  öz işi ilə məşğul olmalıdır. 

- Sizcə hamı belə etmir?

- Yox, görürsən ki, sahəsi deyil, gəlib rəssamlıqda mənə dərs deyir. Yəni sən təhsil almamısan, intellektin, dünya görüşün yoxdur. Rəssamı  arının zəhmətinə bənzədirəm. 1000 dənə gülə, çiçəyə qonur, nəticədə bal hasil edir. Hər sahənin adamı öz işini görsə çox şey əldə edər. Son illərdə məni yandırıb tökən cahillərin sayının artmasıdır.  Elə təsir edir, düşünürəm millətim niyə bu gündə olsun. Sərgilərlə bağlı başqa ölkələrə gedirəm, deyirlər inana  bilmirik ki, sən azərbaycanlısan. Özü də fars dilində, ərəb dilində ,rus dilində sərbəst danışıram, həmişə də mütaliə edirəm. Deyirəm hələ çox çalışmalıyam. O qədər bekar, iş görməyən adamların, gedib çayxanada oturanların da tərəfində deyiləm. Bunlar dünyanın ləzzətini qarın doyuzdurmaqda görürlər.  Yarpağın titrəməsindən, onun üstündəki şehdən zövq almaq hər adama nəsib olmur.

-Biraz da yeni nəsildən danışaq, bir sənətkar kimi gənc rəssamların işlərini necə dəyərləndirirsiniz?


-Rəssamlıq çox ağır, keşməkeşli sənətdir. Gənclərin əksəriyyətinin  işlərindən narazıyam, qəlblərinə də dəymək istəmirəm. O qədər fotodan baxıb çəkirlər, bədiiləşdirmək, mənalı tərzdə obraz vermək yoxdur. Edə bilmir, necə var elə də köçürürlər, göz yorulur. "Tarqovu"da 4 ildir rəsm çəkirəm. Yaxşı tanıyırlar, televiziyada da varam, YouTubedə də.  Gənclərin çoxundan narazıyam, ortada bir şey olmamış özlərini rəssam adlandırırlar. Sənətşünas dostum var, deyir "Bir var şəkil çəkən, bir var rəssam". Bunlar şəkil çəkəndirlər. Ağsaqqal olaraq onları tənqid edib özümü tərif etmirəm. 

-Bəs nə məsləhət görürsünüz?

- Biri maraqlana, soruşa ki, bunu necə edirsən. Məsələn, siz jurnalistlər, yazıçılar, şairlər, incəsənətin digər sahələrində çalışan insanlar bir yerə yığışıb fikir mübadiləsi edirlər. Amma rəssamlarda bu yoxdur. Çoxu da paxıldır, bu paxıllıq yıxıb evimizi. Məsələn, görüşlər keçirək, təmənnasız dərslər keçərəm. Xətai Mərkəzində, televiziyalarda, canlı yayımlarda rəsm çəkirəm. Soruşurlar "dayı, heç çəkinmirsiz, utanmırsız?".  Deyirəm oğurluq eləmirəm ki, utanam, sənətimdi böyük sevgim, məhəbbətim var. Çoxundan narazıyam, nə qədər ki, fotodan köçürəcəklər,  bunlarda inkişaf olmayacaq, yalandan baş sığallaya bilmərəm.
Sənətşünaslardan soruşun, bir gəncin işi xoşa gələn deyil. Özlərinə deyirəm, boş-boş oturub yazışmaqdansa, qəlyan çəkməkdənsə, oturun bir - birinizin  portretini çəkin. Klassik sənətkarların rəsmlərinə baxın, öyrənin.  Təkçə götürüb materiyanı qaralamaqla  iş bitmir, rəssamlıq dərin sənətdir.

-Fikrinizcə əsl rəssam necə olmalıdır?

- Rəssam lazım olanda filoloqun da işini görməlidir. Filoloqla otururam Füzuli yaradıcılığını şərh edir, onun qəliz ərəb sözlərini xırdalayıram. Rəssam hərtərəfli intellektə malik olmalıdır. Sizinlə bir həftə məşğul olsam onların çoxundan yaxşı işləyərsiz,  çünki yollarını azıblar. Bir var düzgün yolla gedəsən, bir də var dərəylə, düzlə. Hətta akademiyada oxuyan uşaqlar da gəlir. Deyirəm bunu sən çəkmisən? Cavab verir : -Hə. Deyirəm mən rəssamlıq dərnəyində oxuyanda bunlardan yaxşı işləyirdim. Pisləmirəm, bəlkə də istedadlısı var, dediyim kriteriyalara uyğun işləyirlər, amma mənə rast gəlməyib.

- Rakif müəllim, rəssamlıq sənəti nə tələb edir?

- Böyük ispan rəssamı Salvador Dalinin gözəl sözü var.  Deyir "Şedevr, sənət əsəri kefdən yaranmır". Can yanğısı lazımdır. O sevgi, məhəbbət yoxdur, yalandan qaralamaqla bitmir, həqiqətən çox işləməlisən. Bunlar naturaya müraciət etmirlər. Gündə 8-9 saat işləyirəm, yoldaşımgil deyir "gözlərin ağrıyar, bir az yat, dincəl. Amma mən zövq alıram.  Ana babam Şeyx Nəbiəddin Şah İsmayıl Xətainin şəcərəsindəndi, Ərdəbildə qohumlarımı tapmışam, Təbrizə qonaq çağırdılar.  Məndən fars dilində soruşdu ki, sənətiniz nədi? Cavab verdim ki, rəssam. Söylədi ki,  "məni yarada bilərsən?". Oturdu 10 dəqiqəyə portretini işlədim. Çox xoşu gəldi, söylədi ki,  nə tez çəkirsən? Soruşdum  sənin oxuduğun dildə deyim, yoxsa öz türk dilimizdə, cavab  verdi ki, fars dilində desən maraqlı olar. Fars dilində bildirdim ki, "Həvəslə görülən iş, asan olar". Təsdiqlədi ki, düz deyirsən, sevindilər, mənə dünyanı bağışladılar. Sənət can yanğısı tələb edir, sayın çoxluğu ilə deyil, barmaqla  sayılacaq qədər yaxşı var. O da hər adama nəsib olmur, çoxu özündən razıdır. Sənət çox ağır yükdür, hər adam onun altına girə bilmir.

- Sizin sahəyə Azərbaycanda verilən dəyər nə səviyyədədir?

-Bizdə dəyər verilmir,  Azərbaycan rəssamlıq tarixində bir mənəm ki, 4 ildir 1, 2-ci yerləri tuturam.  Xaricdə dəyər verilir, məsələn Hollandiyaya, Amerikaya  Endi Uorhol muzeyinə əməkdaşlıq üçün dəvət edirlər. Xarici pasportum var, amma getməyə maddi imkanım yoxdur. Zər qədrini, zərgər bilər. Görürsüz, nə qədər icra başçısı vəzifəsindən azad edildi. Siyasətçi deyiləm, amma yanıb tökülürəm. Gələ rəssamın işini ala, apara evindən asa ki, buna enerji, can qoyub, baxasan əsəblərin sakitləşsin.  Bunların sifətinə baxanda elə bilirsən ölkədə aclıq düşüb.  Biri  sərgi salonuna, tarix muzeyinə getmir. Ancaq villaların sayını artırsınlar, onsuzda ölüb gedəndə yamaqlı corab da apara bilməyəcəklər. Makedoniyalı İsgəndər  can verəndə dost tanışı başına yığır. Deyirlər vəsiyyət et, danışır ki, tabutda iki yerdən deşik açarsız, sağ tərəfdən sağ əlimi, sol tərəfdən sol əlimi çıxardarsız. Soruşurlar ki, bu nə deməkdir? Cavab verir ki, "ölkələr, məmləkətlər fəth edən Fateh İsgəndər bu dünyadan o dünyaya əliboş gedir." Kim nə aparır? Mən şor çörək yeyərəm, amma ləyaqətimi qoruyaram. Sadə xalqla işləyirəm, çörəyim də onlardan çıxır.

- Sosial şəbəkələrdə sırf rəssamlıqla bağlı  səhifələr var. Məsələn gənclər balaca daşlara, əllərinə rəsmlər çəkirlər, öz yaradıcılıqlarını nümayiş etdirirlər. Onlara münasibətiniz necədir, sizcə bir növ müasirləşmənin göstəricisi deyilmi?

-Hamımız elə olmuşuq, müasirliyə aidiyyəti yoxdur. Məsələn inteqrasiya sözünün mənasını çox adam bilmir,  yaxınlaşma deməkdir. Avropanın intellektinə, maarifinə inteqrasiya edək. Müasirlik çox adamı çaşdırır, bilmirlər nədir, birinci klassikanı bilməlisən. Məsələn,   Füzulidən, Nizamidən, Sabirin tənqidi münasibətindən, Seyid Əzimdən xəbəri yox, söz yığını olaraq şeir yazırlar, adama ləzzət eləmir, səbrin çatmır ki, onun bir bəndini oxuyasan. Yaxşı olar ki, həmin uşaqlar professional rəssamın əlinə düşsün, onlar təmanna ummadan öyrətsin. Bizdə də rəssamlar adi predmeti öyrədə bilər bir həftəyə, amma öyrədir 3 ilə ki, valideyn uşağı həmişə gətirsin, pul alım. Pul olan yerdə sənətin inkişafından söz gedə bilməz, hamı da narazılıq edir. Fərdi qaydada dərs deyən rəssam müəllimlərdən narazılıq edirlər ki, niyə belə oldu? Deyirəm mənə niyə danışırsan? Mən də götürmüşəm uşaq hazırlamışam. Hamısı qəbul olub, akademiyaya, kollecə harada gedirlər dua edirlər. Çünki canımı qurban vermişəm, oturmuşam başa salmışam. Amma dərs deyən müəllim uşağı zəlil edir. Danışır kölgə , konstruksiya  çıxır gedir,  ona görə müasirliyi qarışdırırlar. Nə öyrənirsən, öyrən əsas odur sənəti bil.  Həmin  rəsm əsərlərinin içində professionallıq yoxdur onu necə müasirliyə aid etmək olar? Lap klassik üslubda işlə qəşəng baxılsın. Müasirliyin damarını tutmaq üçün klassikə söykənməlisən.  Çəkir nə ölçülər düz gəlir, nə komponofka. Daş üzərində çəkirsə deməli onun bacarığı,  gedir düşür pis əllərə məhv olur, İnkişaf yox, çoxu da sənəti atır.