"Heydər Əliyevin siyasi və praktik dünyagörüşü Azərbaycanı xilas etdi" - Cahangir Məmmədli


"Tarix və dünya təcrübəsi sübut edir ki, dövlətçilik siyasəti çox böyük istedad tələb edir. Dövlət quruculuğunda uğurlar qazanmaq üçün bu istedadın üzərinə öz vətəninə, xalqına sevgi hissləri əlavə olunmalıdır".

Bu sözləri 15 iyun Milli Dirçəliş günü ilə bağlı "Sherg.az"a danışan BDU- nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli deyib.  Onun fikrincə, Heydər Əliyev millətimizin xilaskarı idi: "Azərbaycanı yer üzündən silmək məqsədi güdən və bunu o zaman xeyli dərəcədə reallaşdıran Mixail Qorbaçov özünün bizə qarşı bədxah əməllərinin tamamlamaq üçün Heydər Əliyevi sıradan çıxarmaq, hətta məhv etmək planı qurmuşdu. Alınmadı. Öz ölkəsini xarici dövlətlərə satan, arvadı Raisanın ermənilərdən qızıl hədiyyələr alan Qarbaçovu bu gün Rusiya telekanalları dəqiq faktlarla "Xalq düşməni" adlandırır. Rusiyanın "FB" fəalları dəfələrlə Qarbaçovun ölüm xəbərini yayıblar. Xəbər doğru olmasa da, xalq onun ölümünü arzu edir. Ona görə də gündə üç dəfə öldürüb, dirildir. Belə bir "rəhbərdən" sonra Rusiyanı bu günkü inkişaf səviyyəsinə çatdırmaq da Vladimir Putinə- Heydər Əliyevin fəaliyyətini həmişə layiqincə qiymətləndirən Rusiya Prezidentinə də ucuz başa gəlmədi.  Heydər Əliyev Azərbaycanın ən ağır günündə vətənə qayıtdı. Xalqımızın o dövrünün yaddaşı hələ çox illər yaşayacaq. Heydər Əliyevi xalq bir xilaskar kimi qarşıladı və o da həmin o xilaskarlıq missiyasını yerinə yetirdi".

  C. Məmmədli əlamətdar gün münasibətilə bütün soydaşlarımızın təbrik edib və Qarabağa qayıdacağımıza inamını ifadə edib: " Prezident İlham Əliyev bu günlərdə bir modul xəstəxananın açılışında çıxışı zamanı belə bir fikir dedi:

 "Əgər o zaman Heydər Əliyev hakimiyyətdə olsa idi, Qarabağ torpaqlarını Ermənistan heç vaxt işğal edə bilməzdi!".  Mən kəndi- kəsəyi ermənidə olan bir qarabağlı kimi bu fikri tam həqiqət hesab edirəm. Çünki mənim kəndim yiyəsizlik ucbatından, səriştəsizlik üzündən işğal olundu...
  Heydər Əliyevin siyasi və praktik dünyagörüşü Azərbaycanı xilas etdi. Və bu gün ona verilən "Ümummilli lider" epiteti çox yerindədir. Onun yaratdığı dövlətçilik məktəbi Azərbaycanın bu günündə bizə çox gərək imiş. "Qurtuluş günümüz" mübarək olsun! Tanrı torpaqlarımızın qaytarılması gününü xalqımıza nəsib etsin!".