“Paşinyan dağıdıcı imicə malikdir” – ŞƏRH 

“Baş nazirin Qarabağ məsələsində heç bir planı mövcud deyil. O savaş baltası qaldırıb, lakin real addım ata bilmir”

“Rusiyaya münasibətdə xarici siyasət kursunu dəqiqləşdirmək Paşinyana asan başa gəlməyəcək” 

“Hazırda Ermənistan iqtisadi blokadadır. Paşinyanın isə iqtisadiyyat barədə məlumatı belə yoxdur”



“Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb olunub. Onun həbs ediləcəyi də istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. 

Artıq Ermənistanda Q.Sarukyan tərəfdarları etiraz aksiyalarını başladıblar. Diqqət çəkən əsas məqam isə Q.Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyidir. 

Ermənistandakı durumula bağlı “Sherg.az”a danışan politoloq Azər Rəşidoğlu bildirib ki, Ermənistanda siyasi böhran dərinləşir. 
Analitik qeyd edib ki, siyasi idarəçilikdə təcrübəsiz olan Paşinyan "keçid dövrünün baş naziri" statusundan kənara çıxa bilmir:

“Paşinyan birləşdirici fiqur deyil. O yalnız dağıdıcı imicə malikdir və iqtisadiyyat barədə məlumatı belə yoxdur. Xüsusən də Rusiyaya münasibətdə xarici siyasət kursunu dəqiqləşdirmək Paşinyana asan başa gəlməyəcək. Qarabağ məsələsində də Paşinyanın heç bir planı mövcud deyil. Paşinyan savaş baltası qaldırıb, lakin real addım ata bilmir. Hazırda Ermənistan iqtisadi blokadadır. Bunun nəticəsi olaraq Ermənistan bölgədə reallaşdırılan layihələrdən kənarda qalıb. Paşinyan isə vədlərini, ölkəsini tənəzzüldən o zaman xilas edə bilərdi ki, Qarabağ problemində ortaq məxrəcə gələ bilsin. Nikol bu fürsətdən istifadə edə bilmədi. Paşinyanın qarşısında iki yol var. Ermənistan danışıqlar yolu ilə dil tapmağı bacarmalı, danışıqlar masası ətrafında konstruktiv mövqe sərgiləməlidir. İkinci, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün nəzərdə tutduğu hərbi toqquşmalara hazır olmalıdır. Əlbəttə, bütün məsələlər Ermənistan üçün çətin dilemmadır. Paşinyanın və ətrafındakıların qatı millətçi olması, danışıqlar haqqında o qədər də nikbin rəy yaratmır”. 

A.Rəşidoğlu bildirib ki, Ermənistan üçün həyati əhəmiyyətə malik iqtisadi problemlərin aradan qaldırılmasının yolu ilk növbədə Qarabağ probleminin həll olunmasından keçir:

“Hazırda danışıqlar prosesinin reallaşmasının özü də sual altındadır. Ermənistan tərəfinin təkidi ilə tərəflər problemə yanaşmanı özlərinə aid baxışlarla ortaya qoyurlar. Azərbaycanın istəkləri hamıya bəllidir. Bu, BMT-nin 4 qətnaməsinin ruhuna və beynəlxalq hüququn prinsiplərinə uyğundur. Azərbaycanın Ermənistanın təcavüzünə məruz qaldığını bir daha sübut etməyə ehtiyac yoxdur. Bütün bunları Ermənistan anlamalı, danışıqlar prosesində necə lazımdırsa, elə də hərəkət etməlidir. Bu baş verəcəksə, Paşinyan xalqına verdiyi digər vədləri də yerinə yetirmək üçün imkanlar açılacağını söyləmək mümkündür. Əksinə yenə də qarşıdurma, siyasi manevrlər bölgədə yaranmış status - kvonun qorunub saxlanılmasına cəhdlər Ermənistan üçün baha başa gələcək və bədəlini ödəmək məcburiyyəti qarşında qalacaq”.

Analtikin fikrincə, qarşıda N.Paşinyanı çətin dövr gözləyir:

“Qarabağ münaqişəsinin həllində konkret addım atmasa, cəbhə bölgəsində vəziyyət gərginləşəcək. Ermənistanın artan xarici borc problemini həll edilməməsi Paşinyanın özünün də sonunu yaxınlaşdıra bilər. Rusiya və Qərb arasında vurnuxan Paşinyana belə diplomatiya xüsusi divident vəd etmir. Paşinyanın ən böyük problemi isə odur ki, o, azad, müstəqil ölkənin rəhbəri deyil. Xarici sərhədlərini belə, rus hərbçilərinin qoruduğu, təhlükəsizliyi bilavasitə Rusiyadan asılı olan bir ölkənin qərbpərəst lider imicini qazanması elə də sadə deyil. Paşinyan özü də anlayır ki, Rusiya ilə yanaşı, Azərbaycan və Türkiyə ilə tezliklə anlaşmalıdır. Əks halda, Paşinyan Qarabağı təslim etməyə məcbur olacaq. İstənilən halda. Paşinyan iqtidarı iflasa uğrayır və bu baxımdan Sarukyan yeni lider kimi üfüqdə görünməyə başlayıb. Sarukyan və ya digəri, fərq etməz, Paşinyan fiaskoya uğrayıb və onun xilası artıq imkansız görünür”.