Abşeronu boz sahələrdən qurtarmaq lazımdır

Nəhəng yaşıllıq sahələri salmaq və onların daimi suvarılmasını təmin etmək olar 

Bakıya gələn içməli suyu bu yaşıllıq sahələrinə yönəldəndə su problemi yarana bilər




Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısının diqqət çəkdiyi məsələlərdən biri də ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi ilə bağlı olub.

Ölkə rəhbəri vurğulayıb ki, xüsusən Bakı və Abşeron yarımadasında ətraf mühitin qorunması çox vacib məsələdir: “Həmin yerlərdə əsrlər boyu neft və qaz hasilatı bizim üçün çox ciddi çətinliklər yaratmışdır. Biz böyük həcmdə təmizləmə əməliyyatlarını aparırıq, lakin ola bilsin, bizə daha çox dəstək lazımdır. Bu, xüsusən də texnologiya və məsləhətlər baxımdan verilə biləcək dəstəyə aiddir. Buna görə, fikrimcə, gələcək əməkdaşlığımızın sahələrindən biri Abşeronda və Bakıda neftlə çirklənmiş sahələr üzrə ekoloji layihələrin həyata keçirilməsi ola bilər”.

Prezidentin diqqət çəkdiyi məsələ ilə bağlı “Şərq”ə danışan “Ekoloq jurnalistlər” İctimai Birliyinin sədr müavini Elçin Bayramlı bildirib ki, dövlət başçısının bu istiqamətdəki fəaliyyəti çox təqdirəlayiqdir. Ekspertin sözlərinə görə, Abşeron zonası ekoloji cəhətdən az qala böhran həddindədir:

“Burada təbii resurslar yoxdur. Meşə fondu, yeraltı su mənbələri, çaylar və s. mövcud deyil. Ona görə də bölgədə yaşayış üçün şərait yaxşı deyil. İqlimi sərtdir və torpaqların əksəriyyəti qeyri-münbitdir. Bu səbəbdən həmin zonada yaşıllıq sahələrinin sürətlə artırılmasına ehtiyac var. Həmçinin, neftlə çirklənmiş torpaqların təmizlənməsi daha sürətlə davam etdirilməlidir. Məsələn, şəhərin mərkəzinə əsas giriş yolu olan Yeni Salyan şossesi boyu çox bərbad bir mənzərə müşahidə olunur. Xüsusilə, Bibiheybət məscidindən mərkəzə doğru Su İdmanı Sarayının yanınadək bir neçə kilometrlik məsafədə yaşıllığı olmayan boz çöllük, çoxu xarab olmaqla çox cüzi neft çıxaran köhnə buruqlar, xarabalığa oxşar tikililər şəhərə girişdə mənfi təəssürat yaradır. Burada buruqlardan çıxan qazlar havanı korlayır. Külək əsəndə toz-torpaq böyük bir ərazini bürüyür. Başqa ərazilərdə də belə yerlər var”. 

E.Bayramlının fikrincə, Bakı buxtasının təmizlənməsi işinə də başlanmalıdır:

“Bu iş üçün xüsusi gəmilər var. Onlar dənizin üzərindəki neft təbəqəsini yığır və elə həmin yanacaqla da işləyir. Əlavə olaraq, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsə yaxşı olar. Bunun sayəsində Abşeronda nəhəng yaşıllıq sahələri salmaq və onların daimi suvarılmasını təmin etmək olar. Bakıya gələn içməli suyu bu yaşıllıq sahələrinə yönəldəndə su problemi yarana bilər. Nəzərə alaq ki, Abşeron yarımadasında yaşıllığın saxlanması üçün başqa zonalara nisbətən dəfələrlə çox həcmdə su tələb olunur. Ona görə də bu zavodlar çox vacibdir.

Bu işləri həyata keçirmək üçün özümüzdə də köhnədən qalma təcrübəli mütəxəssislər, alimlər, müvafiq institutlar var. Lazımi maliyyə imkanları mövcuddur. 50 milyardlıq strateji rezervlərimizin kiçik bir hissəsindən bu məqsədlə istifadə edə bilərik”. 

Elçin Bayramlı hesab edir ki, müsbət xarici təcrübədən də yararlanmaq olar:

“Lazımi texnki avadanlıqları xaricdən almaq mümkündür. Fikrimcə, bununla bağlı bir proqram qəbul olunmalıdır. Burada təkcə dövlətin yox, ictimaiyyətin də fəal iştirakı şərtdir. Ayda 1-2 dəfə kütləvi iməciliklər etməklə böyük və faydalı iş görmək olar. Ümidvaram ki, tezliklə bu sahədə vəziyyət dəyişəcək. Ən əsası, bunun üçün ortada siyasi iradə var”.