Diqqət ! – “Uşaqda heyvana aqressiya yaratmayın ! – Ailənin “güzgü”ləri travma alır !

“Beləliklə, uşaqda nəinki heyvana, hətta insana qarşı da nifrət yaranır”

“Uşaqlar bütün məsələlərə valideynin prizması ilə yanaşırlar. Ananın hansısa qohumundan xoşu gəlmirsə, uşaq da həmin adama eyni münasibəti göstərir”




Bəzən valideynlərin övladlarına aşıladığı mənfi təlqinlərin şahidi oluruq. Bunlardan ən barizi isə onlarda heyvanlara qarşı aqressiyanın yaradılmasıdır. Bir çox hallarda uşaqlar valideynlərin təhriki ilə heyvanlara təzyiq göstərir, onları daşlayırlar. Və bu, sonralar da davam edir. Nəticədə illər sonra artıq yetkinlik yaşına çatmış uşaq heyvana düşmən gözü ilə yanaşır. Quş, it, pişik görəndə ya qorxur, ya da onun da canlı olduğunu unudaraq “silah”a əl atır. 

Beləliklə, uşaqda çox zaman lazımsız aqressiya, həyəcan yaranır. 
 


Məsələ ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağayeva günahı valideynlərdə gördü: 

“Uşaq ailədə nəyi görürsə, onu da edir. Valideyn heyvan sevməyi uşağına öyrədə bilməyəndə nəticə belə olur. Beləliklə, uşaqda nəinki heyvana, hətta insana qarşı da aqressiya yaranır. Odur ki, ilk növbədə valideynlər öz davranışlarına diqqət etməlidirlər. Ancaq bu işdə məktəb psixoloqlarının, müəllimlərin üzərinə də mühüm rol düşür. Uşağın ağ vərəq olduğunu onlar da başa düşməlidirlər. Yəni nə yazsan, o da əbədi qalacaq”. 

Psixoloq Fərqanə Mehmanqızı da bu neqativ halın səbəbini ana, atalarda gördü: 

“Adətən valideyn öz emosiyalarını, o cümlədən qorxusunu, nifrətini uşağa köçürmək istəyir. Məsələn, övladında heyvana qarşı kin yaradırsa, deməli, özündə də müəyyən travmalar var. Bunu psixodiaqnostika da sübut edir. Bəzən valideynlər uşaqlarına xəbərdarlıq edirlər ki, heyvana toxunma, mikrob keçər. Məhz bu cür müraciətlər sonradan uşağın özündə də travma yaradır”. 

 Psixoloqun sözlərinə görə, bu məsələyə təsir edən ən vacib məqamlardan biri də övlada sevgidir: 

“Valideyn balasına kifayət qədər sevgi göstərirsə, onda bu cür hallara qarşı immunitet yaranır və travma rahatlıqla keçir. Əks halda isə, yəni uşaq əzizlərindən sevgi görməyəndə vəziyyət ciddiləşir. Həmin aqressiya onun şəxsiyyətinin xarakteristikasına təsir göstərir. “Uşaq ailənin güzgüsüdür” sözünü elə-belə işlətmirlər. 

Bu, prinsip psixologiyada da özünü göstərir. Bilmək lazımdır ki, uşaqlar bütün məsələlərə valideynin prizması ilə yanaşırlar. Məsələn, ananın hansısa qohumundan xoşu gəlmirsə, uşaq da həmin adama eyni münasibəti göstərir. Bu, aksiomdur. Deməyim odur ki, valideyn münasibətini bildirən zaman bunun obyektiv, yoxsa travmadan gələn yanaşma olduğuna diqqət etməlidir. Yalnız belə bu kimi hallarla mübarizə aparmaq mümkündür”.