HƏKİM: “Atletlər kəndinə yerləşdirilən jurnalistlər baxımsız qalmalı deyil"

“Çox güman ki, çarpayı yerləri dolduğu üçün xəstələr Atletlər kəndinə göndərilib”

“Həmin ərazidə daimi olaraq tibb bacları, lazımi avadanlıqlar yerləşdirilməlidi”




Koronavirusa yoluxmuş bacı-qardaş jurnalistlər -“Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və “Cebhe.info” saytının müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşının vəziyyəti ağırlaşıb. Bu barədə M.Abdulla özü məlumat verib.
M.Abdulla qeyd edib ki, təcili yardıma xəstəxanaya yerləşdirilmələrini istədiklərini bildirsələr də, briqada onları “Atletlər kəndi”nə gətirib:

“Dünəndən burdayıq, amma hansısa müayinə aparılmayıb. Sadəcə, soruşublar ki, “şikayətiniz nədəndir?”. Bura sırf karantin şəraitidir, hansısa müayinə və müalicə aparılmır. Gecə hərarətim 39 idi, kəskin öskürək və boğulmadan əziyyət çəkmişəm. Yoldaşımın ağciyərləri kəskin pnevmoniyadır, bacım isə yüksək temperaturda halsız vəziyyətdə uzanır. Gecə xahiş edəndən sonra mənə iynə vurdular, ondan sonra hərarətim düşdü, nisbətən özümə gəldim”.
Jurnalist normal xəstəxanada müalicə olunmaq istədiklərini dilə gətirib:

“Biz buradan çıxmaq, normal müalicə almaq istəyirik. Amma bizi buradan buraxmırlar. TƏBİB rəhbərliyinə Mətbuat Şurası, bizim redaksiya rəhbərliyi səviyyəsində müraciət ünvanladıq. Bizə gəlib dedilər ki, nə lazımdırsa, olunacaq, amma narazılığınızı bildirməyin. Amma deyim ki, xüsusi müalicə və müayinə aparılır, yox”.

Onun sözlərinə görə, ailədə ilk yoluxan həyat yoldaşı olub:

“Yoldaşım gözəllik salonunda çalışır. Ona da iş yoldaşlarından keçib. Yoldaşımdan sonra mən və bacım yoluxduq. Karantin yumşaldılandan sonra bəzi iş yerləri açıldı, ona görə də yoluxma artır. Biz Ağciyər Xəstəlikləri İnstitutunda tomoqrafiya olunmuşuq. Bizə deyiblər ki, 5 nömrəli xəstəxananın həkimi Fazil müəllim bizim müalicəmizlə məşğul olacaq, amma hələ heç nə görməmişik. Nə rentgen, nə hansısa aparatla müayinə aparılıb”.



Baş verənləri “Sherg.az”a dəyərləndirən həkim Şəmsiyyə Namazlı bildirib ki, virusa yoluxanların sayının çox olması xəstəxanalarda yer çatışmazlığına səbəb ola bilər. Ş.Namazlı qeyd edib ki, hər xəstəxana və şöbədə infeksionistləri çatdırmaq qeyri-mümkündür:

“Yoluxanların sayı artıqca xəstəxanalarda yer azalacaq və müəyyən tibbi avadanlıqlarda çatışmazlıqlar olacaq. Bütün bunlar təbii haldır. Çünki vətəndaşlar təlimatlara əməl etmədirlər. Təcili yardım həkimi virusa yoluxan şəxsi öz istəyi ilə hansısa xəstəxanaya apara bilməz. Təcili Yardım Mərkəzə xəbər verir və Mərkəzdən cavab verilir ki, boş yer olan bu xəstəxanadır və xəstəni ora aparın. Təbii ki, xəstəxanaya yerləşdirilən pasiyentlərə mütləq yardımlar göstərilməlidir”.

Həkim bildirib ki, Atletlər kəndinə yerləşdirilən jurnalistlər baxımsız olmamalıdır:

“Virus yeni başlayan dövrdə xaricdən gələnləri Atletlər kəndinə  yerləşdirirdilər. Görünür, virusa yoluxanların sayı artığı üçün xəstəxanalarda yerlər məhduddur. Çox güman ki, çarpayı yerləri dolduğu üçün xəstələr Atletlər kəndinə göndərilib. Həmin ərazidə isə daimi olaraq tibb bacları, lazımi avadanlıqlar yerləşdirilməlidir. Eyni zamanda lazım olan digər tədbirlər yerinə yetirilməlidir”.