Korrupsionerlər “haqq-ədalət dəzgahı"na çıxarılır - Toxunulmazlıq sindromu dağıdılır !

“Həmin şəxslərin əvəllər hansı uğurlar qazanmasından asılı olmayaraq mütləq qanun qarşısından cavab verirlər”



Abşeron Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsi həbs edilib. Həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib.

Abşeron rayon icra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda Şirvan şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədov rüşvət aldığı üçün həbs edilib. E.Gülməmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar İdarənin balansında olan Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan iki otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirilməsi müqabilində sonuncudan 3000 manat məbləğində pulu 22 iyun 2020-ci il tarixdə özünə məxsus avtomobildə rüşvət kimi alarkən cinayət başında yaxalanıb.



Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin davam etməkdə olduğunu deyən “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas  Əliməmməd Nuriyev “Sherg.az”a bildirib ki, son aylarda korrupsionerlərin cəzalandırılması ilə bağlı dinamika artmaqdadır.

Hüquqşünas bildirib ki, həmin şəxslərin əvəllər hansı uğurlar qazanmasından asılı olmayaraq mütləq qanun qarşısından cavab verirlər:

“Bir sözlə, toxunulmazlıq sindromu aradan qalxıb. Bunu icra hakimiyyəti başçılarının həbsində, eyni zamanda mədəniyyət nazirinin müavinlərinin həbsində və özünün istefasında gördük. Bu proses ayrı-ayrı sturukturlarda da aparılmaqdadır”. 

Ə.Nuriyevin sözlərinə görə, təəssüf ki, Abşeron rayon icra hakimiyyətində baş verən proseslər digər rayonlarda da yaşanır:

“Başqa rayonlarda da qanunsuz tikililər sövdələşmələr yolu ilə həyata keçirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda 500 mindən çox tikinti var ki, onların sənədləri hüquqi baxımdan doğru deyil.”