Azərbaycanda da olsun, amma manipulyasiya olmasın! 

“Əlbəttə, uşaqlarda maraq yaratmaq baxımından yaxşıdır. İndi onlar məcburi şəkildə yox, əksinə, həvəslə maska taxacaqlar”

 Türkiyədə maraqlı təşəbbüs irəli sürülüb. Belə ki, tibbi maskanı taxmaqdan ötrü işə müəyyən maraq, belə demək mükünsə, rəng qatılıb. Xüsusilə uşaqlar üçün nəzərdə tutulmuş maskalar müxtəlif elementlərlə bəzədilib, rənglənib.

Həmçinin üzərində fərqli cizgi film obrazlarının şəkli çəkilmiş maskalar da var. Bu, monotonluğu aradan qaldırır. Doğrudan da, insan nə qədər ağ, qara görər?! 

 “Sherg.az” saytı olaraq tibbi mskanın hələ uzun müddət bizə “yoldaşlıq” edəcəyini nəzərə alaraq analoji tərübənin Azərbaycanda tətbiqi ilə bağlı sosioloq Lalə Mehralının fikirlərini öyrəndik.

O, bunu müsbət qarşıladı: “Əlbəttə, uşaqlarda maraq yaratmaq baxımından yaxşıdır. İndi onlar məcburi şəkildə yox, əksinə, həvəslə maska taxacaqlar”.
 
 L. Mehralı sözügedən təşəbbüsün mənfi cəhətlərini də qeyd etdi:

“Artıq Azərbaycanda da müxtəlif şirkətlər üzərində öz loqolarının əks olunduğu maskalar istehsal edirlər. Onlar pulsuz paylanılsa da, həm də reklam səciyyəsi daşıyır. Yəni əslində məqsəd başqadır. Vay o gündən ki, bu cür qaydada gizli reklamlar, manipulyasiya edilsin. Uşaqların sublimal mesajlara daha tez inanması heç kimə sirr deyil. Məsələn dəfələrlə olub ki, “hörümçək adam” paltarı geyinən körpə super qəhrəman olduğunu düşünərək pəncərədən tullanıb, ya da başqa formada özünə xəsarət yetirib. Belə məsələləri nəzərə almaq lazımdır. Odur ki, əgər Türkiyədəki təcrübə Azərbaycanda da tətbiq olunsa, gərək maskaların dizaynı üzərində ciddi işlənilsin. Sözügedən təcrübənin mənfi nəticə verməyəcəyinə ümid edirəm”.