Millət vəkili:  "Bəşəriyyətin pandemiya vəziyyətindən çıxmasının ən əsas şərtlərindən biri həmrəylikdir"

"Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün 130 üzv ölkə tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın və hörmətin növbəti göstəricisidir"

Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Anar Məmmədov deyib.

Deputat bildirib ki, hazırda hər bir dövlət pandemiya ilə mübarizə aparır və əhalini yaranmış ağır vəziyyətdən minimum itkilərlə çıxarmaq üçün mümkün variantlardan istifadə etməyə çalışır:

"Bəşəriyyətin pandemiya vəziyyətindən çıxmasının ən əsas şərtlərindən biri birlik və həmrəylikdir. Belə çətin vəziyyətdə pandemiya ilə  mübarizədə ümumi düşmənə qarşı bir dövlətin yox, bütün ölkələrin, çevik tədbirlər alması zəruri hal alır. Qlobal humanitar fəlakətdən və iqtisadi böhrandan qaçmağın yeganə yolu isə ölkələrin vaxt itirmədən pandemiyaya qarşı birgə və effektli addımlar atması, “Yol xəritəsi” tapmasıdır. Bu mənada  Azərbaycanın öncüllüyü diqqəti çəkir. İlk addım olaraq Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans  formatında keçirilən Zirvə görüşü COVİD-19 pandemiyası ilə mübarizədə beynəlxalq və regional əməkdaşlığa ilk və ciddi çağırış oldu. Zirvə görüşünə qatılan dövlət başçıları Azərbaycan Prezidentinin bu təşəbbüsünü və liderliyini yüksək qiymətləndirdilər. COVİD–19 pandemiyasına qarşı mübarizədə ölkəmiz əldə etdiyi təcrübəni dünya birliyi ilə paylaşmağa hazır olduğunu bəyan  etməklə humanizm, həmrəylik, birgəyaşayış, birlik və bərabərlik mesajlarını verdi. Bunun davamı olaraq mayın 4-də Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas qrupunun videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. Qırxdan çox üzv ölkənin dövlət və hökumət rəhbərləri, eləcə də nüfuzlu şəxslərin qatıldığı videokonfransda əsas mövzu pandemiyaya qarşı birgə mübarizə aparmaq və beynəlxalq səyləri gücləndirməkdən ibarət idi. Məhz belə bir mötəbər tədbirin Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilməsi ölkəmizin dünyada artan rolundan xəbər verir".

Parlament üzvünün sözlərinə görə, hazırda insanpərvərliyə, humanizmə, xeyirxahlığa, qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə Prezident İlham Əliyev Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi:

"Prezident İlham Əliyev dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələrini bir araya gətirməyə nail oldu. Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfransı bir daha sübut etdi ki, Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər görür, eyni zamanda, regional və qlobal miqyasda da koronavirusa qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə özünün mühüm töhfəsini verir. Həmçinin zirvə görüşündə bu qədər ölkənin iştirakı, BMT-nin baş katibinin belə bir görüşə görə ölkə başçısına təşəkkürü Azərbaycan Prezidentinin şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir. Azərbaycan bir daha təsdiq etdi ki, quruma sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir".

A.Məmmədov bəyan edib ki, Qoşulmama Hərəkatının xüsusi sessiyası pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq:

"Bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. Bildiyimiz kimi, BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Təklif Nyu Yorkda 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırılıb. Bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verib. Bu, dünyanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə Azərbaycanın humanist siyasət yürütdüyünün və dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir. Çünki pandemiyanın ağır fəsadlarından qurtulmaq üçün bütün ölkələrin və beynəlxalq təşkilatların həmrəyliyi son dərəcə vacibdir".