Qurbanlar daha çox uşaqlardır

Transformatorların yerləşdiyi binada mühafizə zolağı təşkil olunmalı, içəriyə kənar şəxslərin rahat girişi məhdudlaşdırılmalıdır


Ölkəmizdə yüksək gərginlikli elektrik transformatorlarına dair vəziyyət qənaətbəxş deyil. Son zamanlar transformatora toxunan və ciddi xəsarət alanların sayı artıb. Qurbanlar arasında xüsusilə uşaqlar çoxluq təşkil edir. 
Təəssüf ki, aidiyyəti qurumlar işə ciddi yanaşmadıqları üçün bədbəxt hadisələr baş verir. Bu yaxınlarda 5 yaşlı uşaq transformatora düşərək həyatını itirib. Hadisədə günahkar olan şəxslər və bir sıra qurum işçiləri cəzalandırılıb. Lakin məsələ qanuni baxımdan həllini tapsa da, bundan sonra da hadisələrin bir də yaşanmayacağına heç kim təminat vermir.



Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, gərək insanlar transformatorların yerləşdiyi binaya daxil olmaq və ya ona toxunmağın həyat üçün nə dərəcədə təhlükəli olduğunu başa düşsünlər. Ekspert bildirib ki, həmçinin valideynlər də övladlarına transformatorların təhlükəli olduğunu izah etməlidir:

“İnsanların təhlükəsizlik qaydalarını bilməmələri və yaxud təhlükəsizlik qaydalarına biganə yanaşmaları sonda bədbəxt hadisələrə səbəb olur. Elektrik cərəyanının insanı vurması zamanı aldığı xəsarət hətta ölümə səbəb olur. Transformatorlarda adi elektrik xətlərindən dəfələrlə çox yüksək gərginlik olur ki, bunun da insana yetirəcəyi zərərin nə qədər ağır olacağını düşünmək çətin deyil. Gərək aidiyyətı qurumlar da məsələyə ciddi yanaşsınlar”. 

E.Nurəliyev qeyd edib ki, transformatorların yerləşdiyi binada mühafizə zolağı təşkil olunmalı, içəriyə kənar şəxslərin rahat girişi məhdudlaşdırılmalıdır:

“İnsanların rahat görəcəyi yerdə xəbərdaredici traparetlər olması təmin edilməlidir. “Yaxınlaşmayın, yüksək gərginlik var”, “Ehtiyatlı olun” yazılmış lövhələr vurmaqla insanları xəbərdar etmək olar. Demək olar çox yerdə quraşdırılan transformatorlar hasara alınıb, kənar şəxslər içəri daxil ola bilmirlər. Ancaq hasara alınmayan yerlər də olduğundan, yaxud qoruyucu hasar yararsız olduğundan insanlar üçün təhlükə yaradır. Xüsusən də uşaqlar üçün. Uşaqlar transformatorun ətrafında oynayır, hətta içərisinə daxil olur. Bu da sonda bədbəxt hadisəyə səbəb olur. Bəzən transformatordan gərginliyin artıb-azalması nəticəsində qığılcım, gərginliyin səsi gəlir. İnsanlar transformatorun ətrafına toplaşır, buna müdaxilə etmək istəyirlər. Ancaq bu olduqca təhlükəlidir”.

Ekspert vurğulayıb ki, hər elektrikin belə transformatora girməyə icazəsi yoxdur. Transformatora yalnız attestasiyadan keçmiş, icazəsi olan şəxslər müdaxilə edə bilər:

“İcazəsi olan şəxslər hər il attestasiyadan keçir və onlara yüksək gərginliklə işləməyə icazə verilir. Təsəvvür edin hər elektrikin belə transformatora girməsinə, müdaxilə etməsinə icazə yoxdursa , onların həyatı üçün təhlükəli sayılırsa, onda digər insanlar üçün necə təhlükəlidir. Ona görə gərək insanlar diqqətli olsunlar, uşaqlara da bunu aşılasınlar. İdarələr, müəssisələr, fabriklər və s. sahibkarlıq subyektləri də özlərinin quraşdırdığı transformatorları nəzarətsiz qoymalı deyil. Kənar insanların da təhlükəsizliyini nəzərə alıb transformatorlarını qoruyucu hasara almalıdırlar”.