“Əsas məqsəd vətəndaşların qorunmasıdır”

“Cərimələrin artırılması yoluxma saylarının azalmasına təsir göstərə bilər”

“Ona görə Cə vətəndaşların maksimum diqqətli olması vacibdir”


Ölkəmiz koronavirus infeksiyası ilə mübarizədə bütün təbdirləri həyata keçirir. Virusun yayılmasının qarşısının alınması, ölkə səhiyyəsinin və aidiyyəti infrastrukturun koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması əsas məqsədlərdən biridir.
Hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var.

Onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu, məsuliyyətli davranış nümayiş etdirmək,  birlik, həmrəyliyimizi daha da gücləndirmək üçün siqnal olmalıdır. Hazırkı dövrdə koronavirusla mübarizədə müsbət nəticənin əldə olunması təkcə dövlətin, Operativ Qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır. 

Millət vəkili Kamal Cəfərov “Sherg.az”a açıqlamasında bildirib ki, bu gün koronavirusla mübarizə zamanı ən vacib məsələlərdən biri vətəndaşları tibbi maskalardan istifadəyə təşviq etməkdir:

“Əsas məqsəd vətəndaşların qorunmasıdır. Lakin təcrübə göstərir ki, vətəndaşlar qapalı yerlərdə, marketlərdə tibbi maskalardan istifadə etmirlər. Polislərin daim onlara nəzarət etməsi mümkün deyil. Bu baxımdan cərimələrin artırılması zəruri hesab edilir. Əvvəllər tibbi maskalarla bağlı cərimələrin aşağı olması vətəndaşları onlardan istifadəyə təşviq etmirdi. Ona görə də tibbi maskalarla bağlı cərimələrin miqdarının qaldırılması vətəndaşları daha çox istifadəyə yönəldəcək. Bununla  əhalinin sağlamlığına nail ola bilərik”.

Parlament üzvü bildirib ki, karantin rejiminin pozulması ilə bağlı hüquqi şəxslərin məsuliyyətsizliyinin fiziki şəxslərə nisbətən daha çox olduğuna dair iddialar var:

“Hesab edirəm ki, cərimələrin artırılması yoluxma saylarının azalmasına təsir göstərə bilər. Ona görə də vətəndaşların maksimum diqqətli olması vacibdir”.