Sosial məsafə gözlənilməlidi...

Karantin rejimində olduğumuzu unutmamalıyıq

Çünki bunu bizdən tələb edən də Vətənimizdir


Bakı izdiham üçün darıxırdı. Aprel döyüşlərinin qəhrəmanlarını dəfn edərkən yaşanmışdı izdiham. Xalq o zaman da şəhidini çiyinlərində daşıdı. Srağagünsə millət bir ürək olub “Qarabağı düşmən tapdağında qoymayacağıq” dedi. 14 iyul axşamı orduya dəstək yürüşünə çıxanlar düşmənlərimizə məhz bu mesajı verdi – Qarabağ bizim olub, bizimdi! Onu bizdən kimsə ala bilməyəcək. Və ogünki izdiham həm də bunu deyirdi: hiyləgərliklə, xaincəsinə sizə qazandırılan müvəqqəti qələbənizə “sevinin” hələ bir az da.

Xain planlarınızın öz başınızda çatlayacağı gün uzaqda deyil! Amma biz – faktiki müharibə aparan xalq təhlükəsizliyimizi düşünmək zorundayıq həm də. Bəlkə kimlərsə, “bu vurhavur”da nə xəstəlik, nə virus, heç nə vecimizə deyil” deyəcək. Olmalıdı, vecimizə. Çünki xalqa qələbəsi üçün sağlam əsgər, sağlam vətəndaş lazımdı. 14 iyul yürüşü zamanı isə başqa bir xain düşmən – koronavirusu yaddan çıxdı. Belə olmamalıydı! Biz düşmənləri gözardı edəcək durumda olmamalıyıq.

Düşmən həmişə düşməndir, nə qədər ki, başı əzilməyib. Erməninin başını onsuz da əzirik, gözəgörünməz düşmənlə - xəstəliklə mübarizə daha ağırdır. Daha çətindir. Tədbir əldən verilməməlidir. Amma yürüş zamanı yanlışlıqlara yol verildi və bunlar sabah daha artıq yoluxmalara yol açacaqsa, fəsadlarını yenə də özümüz, xalq olaraq aradan qaldırmağın çətinliyinə də gərək qatlaşaq. 

İctimai xadim Azər Allahverənov “Şərq”ə açıqlamasında aktual məsələlərdə yanlışlıqların yolverilməz olduğunu dedi:

- Orduya dəstək yürüşünün hər birimizdə buraxdığı təəssürat, iz, birmənalı şəkildə çox böyük qürur hissidir. Ölkə vətəndaşlarının cəbhədə baş verən hadisələrə həmrəylik, birlik nümayiş etdirməsi əlbəttə, insanın ürəyini dağa döndərir. İnsanlarımızın yol boyu yürüşə dəstə-dəstə qatılması çox sevindiricidir. Bununla yanaşı hazırda karantin rejimində olduğumuzu unutmamalıyıq. Çünki bunu bizdən tələb edən də Vətənimizdir. Vətənimizin, ölkəmizin, millətimizin sağlamlığıdı. Mən diqqət etdim ki, yürüşə çıxanlar arasında maska taxanlar az idi. Amma əksinə, maska taxanlar çox olmalıydı. Sosial məsafə gözlənməliydi.

Bilirsiz, bu məsələdə yürüş iştirakçılarından, yürüşə kənardan qatılanları qınamaq düzgün olmaz. Belə hallarda insanlar sırf hissiyyatla, emosiyalarla hərəkət edir və bu, tamamilə təbiidir. Lakin burada məsələ aidiyyətli strukturların karantin qaydalarına əməl edilməsinə biganə münasibətidir. Bu cür hallarda məlumatlandırma və maarifləndirmə işləri daha dəqiq aparılmalıdır. İndiki zamanda da bunu etməyəcəklərsə, bəs nə vaxt edəcəklər?

Yürüş iştirakçıları ilə mütləq ideoloji söhbət aparılmalı, karantin qaydalarının pozulmasının sonrakı günlərdə ağır fəsadlar yarada biləcəyi insanlara anladılmalıydı. İnanıram ki, lazımi söhbətlər aparılsaydı, qaydalara əməl edilməsi üçün uyğun şərait yaradılsaydı, bütün yürüş iştirakçıları demirəm, amma daha çox vətəndaşımız təkliflərlə razılaşar və qoruyucu maska taxar, sosial məsafənin gözlənilməsinə riayət edərdi. Təəssüf ki, bu sahədə boşluq yaşandı. Biz Qarabağ savaşında qələbə gözləyirik. Buna hazırıq.

Amma unutmamalıyıq ki, apardığımız savaşda bizə sağlam vətəndaşlar lazımdır. Ona görə də həssas məqamlarda ictimaiyyət düzgün istiqamətə yönləndirilməli, karantin qaydalarına riayət edilməsinə ciddi önəm verilməli, icra strukturları daha çevik tədbirlər görməlidir.