"Millət Ordunun, Ali Baş Komandanın yanındadır"

Şəmistan Əlizamanlı: "Xalqımız döyüşə hazırdır"


Son günlər Tovuzla sərhəddə gedən aramsız döyüşlər, şəhidlərimiz Azərbaycan xalqını birliyə, Vətən uğrunda birgə savaşa sövq etdi. İstər rayonlarda, istərsə də paytaxtda orduya dəstək olan  millətimiz, Qarabağ üçün ayağa qalxdı. Xüsusilə də dünən axşam saatlarından səhər günəş doğana qədər davam edən həmrəylik yürüyüşü  insanları qələbəyə ruhlandırdı.

Sözün əsl mənasında şanlı tarix salnaməmizdə yeni səhifə açıldı. 

 Sözsüz ki, yaşadığımız çətin,  bir o qədər də qürurlu günlərdə ziyalıların, sənətkarların tövsiyələrinə, dəyərli fikirlərinə ehtiyac duyuruq.
“Sherg.az”da bu amili nəzərə alaraq   tanınmış hərbi diktor,  vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı ilə əlaqə saxlayıb, baş verənlərlə bağlı mövqeyini öyrənib:

“Əlbəttə, təbii haldır. Xalqımız ordumuzun yanında olduğunu bir daha nümayiş etdirdi. Əhval-ruhiyyə yüksək olmalıdır, ruhdan düşməyək. Ona görə də  bütün rayonlarda xalqın orduya dəstəyi  çox gözəldir. Göstərdik ki, xalqımız döyüşə hazırdır və torpaqlarımızın işğal  altında qalması ilə heç vaxt razılaşmayacaq. Sevindirici mənzərələr idi. İnşallah, hər şey yaxşı olacaq. Millətimiz ordunun, Vətənin, Ali Baş Komandanın yanındadır.  Bir də məsləhət görürəm ki, insanlar yalnız  Müdafiə Nazirliyinin yayımladığı rəsmi xəbərlərə inanıb, ona istinad etsinlər”.
Şəmistan bəy son olaraq yürüyüşün   axırlarında  baş verən məşum hadisələrdən də söz açıb: “Bir balaca  xoşagəlməz hallar yaşandı. Amma olmamalı idi.  İnşallah bir daha təkrarlanmaz”.