Polad Həşimov haqqında film professional səviyyədə hazırlanmalıdır - Akif Nağı


Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş, Qarabağ həqiqətlərindən bəhs edilən “Komandir” bədii filmi çəkiləcək.
Bu barədə AzTV-nin "Xəbərlər" proqramında məlumat verilib.  

Filmin ssenari müəllifi və rejissoru Cəlalədidn Qasımov, redaktoru Əməkdar incəsənət xadimi Aydın Kazımzadədir. Ekran işinin ssenarisi real hadisələrə əsaslanır. Ssenaridəki hadisələrin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır. Saat yarımlıq film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş olunacaq.

Təşəbbüs haqqında "Sherg.az"a danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bunu yüksək qiymətləndirib:

"Əlbəttə, təqdirəlayiq addımdır. Polad bəy həm insan, həm də hərbçi kimi nümunəvi idi. Bizim onun kimi qəhrəmanlarımız çoxdur. Hər birini xalqa, insanlara tanıtdırmalı, beləliklə, gənc nəsil arasında hərbi- vətənpərvərlik ruhunu yüksəltməliyik. Bu ekran əsərləri xaricdə də nümayiş edilməlidir".

A. Nağı, həmçinin keyfiyyət məqamı haqqında danışıb:

"Oxşar təcrübə Azərbaycanda var. Biz bir neçə dəfə qəhrəmanlarımız barədə bu cür filmlər çəkmişik. Amma bəzən professionallıq arzuolunan səviyyədə olmur. Bu məsələyə xüsusi diqqət ayrılmalıdır".