"Ermənistanın hərbçisini cəzalandırması olduqca məntiqi addımdır" - ŞƏRH

"Daha regionda “Beş daş” oynamağın vaxtı çoxdan keçib..."

Xəbər verdiyimiz kimi Azərbaycan və Ermənistan arasındakı şərti sərhəddə növbəti insident baş verdi. Ermənistan Silahlı Qüvvələri yenidən Azərbaycanın sərhəd postuna atəş açdı, nəticədə Dövlət Sərhəd Xidmətinin baş leytenantı yaralandı. Hadisənin təfərrüatlarına keçməmiş qeyd etməliyik ki, sərhəddə son 6 ay ərzində iki dəfə silahlı insident baş verib. Və bunların hər ikisi də Fransanın təhriki ilə olub. 

Görünən budur ki, Qərb dövlətləri Fransanın timsalında Cənubi Qafqazda sülhə mane olmaqda israrlıdırlar. Və Ermənistandan da yenə maşa olaraq faydalanırlar. Lakin budəfəki insidentdə Ermənistanın davranışı ortaya suallar çıxarır. Gəlin, baxaq. Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni sərhədçilərini qaydaları pozmaqda və atışmaya səbəb olmaqda ittiham edib. Ermənistan mediasının yaydığı xəbərdə bildirilir ki, erməni sərhədçilər tərəfindən bir sıra hərbi xidmət qaydalarının aşkar şəkildə pozulması faktı ilə bağlı cinayət işi başladılıb. Qeyd olunur ki, aprelin 10-da Ermənistan MTX-nin müddətli hərbi xidmət keçən hərbi qulluqçusu erməni çobanın azaraq mal-qara ilə Azərbaycan ərazisinə keçdiyini öyrəndikdən sonra xidmət yoldaşları ilə birlikdə özləri sərhədi keçərək mal-qaranı geri qaytarmağa qərar verib və bununla xidmət qaydalarını pozub ki, bu da ehtiyatsızlıq ucbatından mühüm zərər yetirməklə yanaşı, səbəbsiz atışmaya səbəb olmaqla insanların sağlamlığı və həyatını təhdid altında qoyub. Və bu qayda pozuntusuna görə, Ermənistan öz əsgərlərinin ittiham edərək barələrində cinayət işi açıb. Şübhəsiz, bu, Azərbaycan dövlətinin növbəti qələbəsidir. Azərbaycan hökuməti, Silahlı Qüvvələrimiz başqa addımlar da ata bilərdi. Lakin yenə də mövcud reallığı nəzərə alaraq Ermənistan tərəfinin hadisəni araşdırmasını və nəticəni bəyan etməsini gözlədi. Azərbaycan tamamilə haqlı olaraq baş vermiş insidentə görə Ermənistanın hərbi-siyasi rəhbərliyinin məsuliyyət daşıdğını bəyan edib. Və qeyd edilib ki, hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır. Ermənistanın öz əsgərlərinə cinayət işi açmasının arxasında nə dayanır? Bununla Ermənistan Azərbaycanla münasibətlərin üçüncü tərəfin iştirakı olmadan həllinə eyham vurursa, o zaman Brüssel görüşü, həmçinin də Ermənistanda missiya müddəti uzadılan Avropa İttifaqından kömək ummaq nəyə lazımdır?  

 
Sərhəddə baş vermiş insidenti və Ermənistanın məlum mövqeyini “Sherg.az”a şərh edən yazıçı-publisist, əslən Qarabağdan olan Kərim Kərimli qeyd etdi ki, Ermənistanın öz əsgərlərinə cinayət işi açmasını düzgün qərar hesab edir: 

- Ermənistan və ermənilər bu cür addımları hadisələrin başladığı lap ilk dövrlərdən  atmalı idilər ki, bu qədər qan tökülməsin, bu boyda müharibə olmasın və bu qədər də insan tələf olmasın. Ancaq bu gün də bu addımların əhəmiyyəti var. Məncə səbəblər bunlardır:

 – Ermənistan az müddət bundan əvvəl yenə də sərhəddə baş verən məlum qanlı insidentdən, bizim əsgərimizin şəhid olmasından sonra Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi “Qisas” əməliyyatını unutmayıb və oxşar tədbirin görülməsini istəmir. Düz də edir, çünki, onlar da daha başa düşürlər ki biz daha çoxdan donuzları darıdan Quran oxumaqla çıxartmağa çalışmağı tərgitmişik və Ermənistanın hər təxribatçı addımına o addıma uyğun cavab verildiyini göstərmiş, veriləcəyini də söyləmişik. Növbəti səbəb, Ermənistanın özünü beynəlxalq hüquqa riayət edən bir dövlət olduğunu, münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu və hər vəchlə buna çalışdığını göstərmək cəhdidir. Başqa bir səbəb isə odur ki, Ermənistanın siyasi rəhbərliyi hüquq-mühafizə orqanlarına özlərinin cinayət törətmiş, qonşu dövlətin ərzisinə atəş açaraq günahsız hərbi qulluqçunu heç nədən yaralamış hərbçilərinə cinayət işi açılması barədə göstəriş verməklə ( aydın məsələdir ki, siyasi iradə, siyasi rəhbərliyin göstərişi olmasaydı bu addım atılmazdı – K.K.)  sübut etməyə çalışır ki, əslində sərhəddə baş verən hadisə rəhbərliyin xəbəri və göstərişi olmadan, onun istəkləri əleyhinə olaraq törədilib və bu, həm də onun, yəni Ermənistan rəhbərliyinin özünə qarşı atılan addımdır. Ermənistan bilir ki, Azərbaycan 10 noyabr bəyanatı və ondan sonra qəbul edilmiş digər bütün sənədlərin ehtiva etdiyi öhdəliklərin yerinə yetirilməsinə, o sənədlərin hərfinə və ruhuna hörmətlə yanaşılmasına çalışır və tərəflərin, xüsusən də Ermənistanın imza atıb öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini sonadək, yəni tam əməl olunanadək tələb edəcək və dəfələrlə bəyan olunduğu kimi könüllü, öz xoşuna etməsə, buna məcbur ediləcək. Ona görə də Ermənistanın Rusiyadan aralanaraq Qərb sahillərinə yan almağa çalışması fonunda bu cür insidentlərdən “Frans Ferdinandın ölümü” kimi (ələ bəhanə düşməsin deyə - K.K.) istifadə edilə biləcəyindən haqlı olaraq qorxur. Odur ki, cinayət törətmiş hərbçinin cəzalandırılması olduqca məntiqi addımdır. O ki, qaldı Avropa İttifaqı missiyasının yenə də hadisələrdən kənarda qalması və fəaliyyətsizliyi məsələsinə, demək istərdim ki, kənardan gələn heç bir qüvvə bu iki ölkənin və xalqın iradəsindən qıraqda heç bir iş görə bilməyəcək. Ermənistan və Azərbaycan hər ikisi eyni ehtirasla sülh istəməli və onun uğrunda çalışmalı, mübarizə aparmalıdır. Yəni Ermənistan bu məsələdə Azərbaycandan geri qalmamalıdır. Biz 1988-ci ildən bəri “Mən səni sevəcəyəm, sən sevməsən də” ruhunda çox mahnılar oxuduq Ermənistan üçün. Ancaq onlar bizim “bəstəkarlığ”ımıza layiqli qiymət vermədilər, bizi başa düşmədilər və hədə-qorxu ritorikasını davam etdirərək “Bakıya qədər gələcəyik”, deyə bizi alçaltmağa çalışdılar. Azərbaycan ordusu da 27 sentyabr 2020-ci ildə bütün “musiqi alətləri”ni odlu silahlarla əvəz elədi və 44 günə dünyanın ən möhtəşəm qələbə simfoniyasını yazdı. Qoy Ermənistan və ermənilər bunu heç vaxt unutmasınlar. Ətəklərinə yığdıqları növbəti daş porsiyasını yerə töküb sülhə gəlsinlər. Bu, onların xilasının yeganə yoludur. Çünki, daha regionda “Beş daş” oynamağın vaxtı çoxdan keçib...