Deputat: 2025-ci ildə Qarabağda məskunlaşma daha intensiv olacaq

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi
  
Yeni xidmətin yaradılması vətəndaşlarımızın daha qısa zamanda öz evlərinə qayıtmasına şərait yaradacaq
 
 
 Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Qarabağ və Şərqi Zəngəzurda quruculuq, abadlıq işlərini sürətlə həyata keçirir. Demək olar ki, əksər rayon və şəhərlərin baş planları təsdiqlənib. Bununla yanaşı, çox çətin və ağır relyefə malik olan təhlükəsiz avtomobil yolları da çəkilir. Bu yolların daha sürətli və təhlükəsiz olması üçün tunellər inşa edilir. Yolların çəkilməsi ilə əlaqədar layihələrin icra edilməsi zaman alsa da, artıq 3 böyük layihənin icrası başa çatıb, 13 layihə icra olunur. Sevindirici hal budur ki, artıq keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına şahid oluruq. Minlərlə keçmiş məcburi köçkün öz  yurdlarına qayıdıb və bir çox yaşayış yerində məskunlaşıblar. Xocalı və Xankəndi şəhərlərinə də keçmiş məcburi köçkünlərin geri dönəcəkləri vurğulanıb. Məlumdur ki, onların yurdlarına qayıtması ilə iş bitmir, onların məşğulluq məsələləri, sosial qayğıları da təmin edilməlidir. Dövlətimiz bu məsələləri hər bir incəliyinə qədər araşdırır, öyrənir və xüsusi iş yerlərinin yaradılması ilə bağlı işlər görülür, onların məşğulluq məsələləri də öz həllini tapır. Heç şübhəsiz, Qarabağın, Şərqi Zəngəzurun dirçələn iqtisadiyyatı Azərbaycan iqtisadiyyatına inteqrasiya edəcək və onu daha da gücləndirəcək.
 Qeyd edək ki, ötən gün Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı tapşırıqlar verilib. Ədliyyə Nazirliyi təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Bu, Nazirlər Kabinetinin "“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə" sərəncamında əksini tapıb. Sərəncama əsasən, Ədliyyə Nazirliyi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Maliyyə Nazirliyi Xidmətlə və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Xidmətin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən on beş gün müddətində onun nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatına dair təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 Prezident İlham Əliyev “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması barədə Sərəncam verilib və “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fərmanda qeyd edilib ki, Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla, 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir. Xidmətin nizamnamə fondu 500 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

 Millət vəkili Vüqar Bayramov "Sherg,az"a açıqlamasında bildirib ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı tapşırıqların verilməsi bütövlükdə bərpa-quruculuq işlərinin daha intensiv şəkildə həyata keçirilməsinə imkan verəcək. Deputat vurğulayıb ki, işlərin sistemli hal alması və koordinasiyanı gücləndirməsi məqsədi daşıyır:

 "Nəticə etibarı ilə publik şəxsin yaradılması işğaldan azad olunmuş ərazilərimizdə bərpa prosesini sürətləndirməklə yanaşı, eyni zamanda daha intensiv şəkildə məskunlaşmaya imkan yaradacaq. Nəzərə alaq ki, həm 2024-cü il, həm də növbəti illərdə intensiv məskunlaşma prioritetdir. Bu istiqamətdə daha genişmiqyaslı işlərin görülməsi, bərpa-quruculuq işlərinin sürətləndirilməsi əsas hədəflərdəndir. Bu hədəflərə uyğun olaraq da mühüm addımlar atılmaqdadır. 2025-ci ildən başlayaraq məskunlaşma prosesinin daha intensiv olacağı gözlənilir. Uzun müddət ata-baba yurdlarından kənarda qalan məcburi köçkün həyatı sürən vətəndaşlarımızın daha qısa zamanda öz evlərinə qayıtmasına şərait yaradacaq".