Toğrul İsmayıl: İsrail istədiyini əldə edə bilmədi

Gərginliyin zəifləmə ehtimalı olsa da, savaş yaxın zamanda bitəcək kimi görünmür

“Netanyahuya qarşı İsrail daxilində də müəyyən iddialar gündəmdədir. Ona görə də müəyyən bazarlıqlara gedərək prosesi uzatmağa çalışacaq”


  Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib. Netanyahu və onun qətliam şəbəkəsi üçün çəmbər getdikcə daralır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, soyqırımda günahkar olanlar tökdükləri günahsız qanlara görə mütləq cavab verəcəklər. Onun sözlərinə görə, Netanyahu və Qallantın həbsinə orderlərin verilməsi cəsarətli qərardır: "Biz bu qərarı dəstəkləyirik". Bundan əlavə, Ərdoğan vurğulayıb ki, Fələstin məsələsində Türkiyəni haqsız yerə tənqid etmək həssaslıq deyil, pis niyyətin əlamətidir. İranın dini rəhbəri Əli Xamenei də deyib ki, İsrailin Qəzza və Livanda etdikləri qələbə deyil, müharibə cinayətidir: “İndi Netanyahu üçün həbs orderi veriblər, amma bu, kifayət deyil, onun ölüm hökmü verilməlidir”. 
  Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell İsraili Livanda təklif olunan atəşkəs razılaşmasını dəstəkləməyə çağırıb və bildirib ki, bu razılaşma İsrail üçün bütün zəruri təhlükəsizlik təminatlarını özündə birləşdirir. Borrell bunu G7 xarici işlər nazirlərinin görüşündə deyib. O bildirib ki, Hizbullah ilə razılaşmanın həyata keçirilməməsi üçün heç bir bəhanə yoxdur və əlavə edib ki, razılaşmanın bu gün təsdiqlənməsi üçün İsrailə təzyiq göstərilməlidir. Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu ölkə rəsmiləri ilə təhlükəsizlik məsləhətləşmələri zamanı Hizbullahla əldə olunan atəşkəs razılaşmasını ilkin olaraq təsdiqləyib. Məlumata görə, İsrailin keçmiş müdafiə naziri Yoav Qallant Vaşinqtona getməyi planlaşdırır. Bu, Qallantın Beynəlxalq Cinayət Məhkəməsinin onun və İsrailin Baş naziri Benyamin Netanyahu haqqında həbs qərarı çıxarmasından sonra ilk xaricə səfəri olacaq. Ekspertlərin fikrincə, onun ABŞ-yə səfəri məhz bu faktla bağlıdır, çünki Qallant həbs oluna biləcəyindən ehtiyat edir. 
 
 Ankara Universitetinin professoru Toğrul İsmayıl "Sherg.az"a deyib ki, Beynəlxalq Cinayət Məhkəməsinin İsrailin Baş naziri Benyamin Netanyahu haqqındakı qərarı doğrudur. Professorun sözlərinə görə, Netanyahu beynəlxalq qərarlara zidd hərəkət edir: 
"İlk başda HƏMAS-la terrorla mübarizə adı ilə başlatdığı mübarizə ciddi müharibəyə çevrildi və Fələstin xalqının qətliamına kimi gəlib çıxdı. Hazırda işğal və mülki şəxslərin qətliamı davam etməkdədir. İsrail sadəcə Qəzza ilə kifayətlənmədi, əlavə olaraq Livana da hərbi müdaxilə etdi və Hizbullahla savaşdığını açıqladı. Əslində, terrorla mübarizə vacib məsələdir. Amma bu şəkildə olmaz. Terrorla, terrorçularla mübarizə sivil xalqın həyatını təhlükəyə atmamalıdır. Əks halda mülki insanların qətliamı qaçılmaz olur. Dünyanın bir çox ölkəsi, Qərb dövlətləri BCM-nin həbs qərarını dəstəklədi. Buna qarşı çıxan ABŞ-dir. Onsuz da ABŞ-İsrail münasibətləri hamıya bəllidir. Amerika hər zaman Yaxın Şərqdə İsraildən istifadə etməyə çalışıb. Bir neçə Avropa ölkəsi, o cümlədən Almaniya Holokosta görə İsrailin hər addımını doğru sayaraq, əslində. yanlış siyasət aparırlar. Avropa Birliyi içərisində Netanyahuya qarşı çıxanlar çoxdur".

  T.İsmayıl vurğulayıb ki, ümumən, gərginliyin zəifləmə ehtimalı olsa da, savaş yaxın zamanda bitəcək kimi görünmür:
 "İsrail istədiyini əldə edə bilmədi. HƏMAS-la mübarizə yekun nəticə olmadı. Artıq İsrail cəmiyyətində də mənfi reaksiyalar artmaqdadır. Amma Netanyahu özünü qorumaq üçün prosesi uzada bilər. Netanyahuya qarşı İsrail daxilində də müəyyən iddialar gündəmdədir. Ona görə də müəyyən bazarlıqlara gedərək prosesi uzatmağa çalışacaq. Ancaq təzyiqlər genişləndikcə hərbi əməliyyatların dayandırılmasına yönəlik çağırışlar artacaq".