Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması
16 gün ərzində çox iş görmək olar
“Biz qadınlar problemləri yığışıb bir masa ətrafında müzakirə etməkdən konkret və ciddi fəaliyyətə keçməliyik”
Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT Azərbaycan ilə birlikdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verib. Kampaniya 25 noyabrdan 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününədək davam edəcək. Kampaniyanın başlanması ilə əlaqədar Dövlət Komitəsinin sədri Bahar Muradova videomüraciət ünvanlayıb. Komitə sədri videomüraciətində qadınlara qarşı hər növ zorakılığın qarşısının alınmasında həmrəyliyə çağırış edib. Kampaniyanın əsas məqsədi qadınlara qarşı törədilən zorakılığın insan hüquqlarının kobud pozulması kimi təbliği istiqamətində yerli, milli, regional və beynəlxalq səviyyədə maarifləndirmə işinin aparılmasıdır. Hər il kampaniya çərçivəsində müxtəlif formatda tədbirlər həyata keçirilir, dünya ictimaiyyətinə qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışı edilir: “Dəyərli həmvətənlər, bu gün bütün dünyada və Azərbaycanda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verilir. Hər il noyabrın 25-də – “Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü”ndə başlayıb dekabrın 10-u – “Beynəlxalq İnsan Hüquqları Günü”ndə başa çatan kampaniya ərzində bütün tərəfdaşlarımızı, bütövlükdə, cəmiyyəti bu fenomenlə qətiyyətli mübarizə aparmağa səsləyirik. Çünki bu qlobal problem yalnız fərdlərə deyil, ailələrə və cəmiyyətimizə ciddi mənfi təsirlər göstərir, onun inkişaf və tərəqqisini sarsıdır. Zərərçəkənlərin bütün proseslərdə tamhüquqlu iştirakına maneələr yaradır, şərəfli və təhlükəsiz həyat sürmək hüququnu pozur. Qadınlara və qızlara qarşı zorakılıq ciddi iqtisadi və sosial problemlərə yol açmaqla milli iqtisadiyyata da zərbə vurur, ictimai sağlamlığın təmin olunmasını əhəmiyyətli dərəcədə ləngidir. Azərbaycan Respublikası ölkədə qadın hüquqlarının müdafiəsi ilə bağlı mühüm nailiyyətlər əldə edib, bütün hüquqi normativ çərçivədə səmərəli icra mexanizmləri yaradıb. Lakin hüquqların qorunması üçün yalnız hüquqi tədbirlər deyil, eyni zamanda ictimai dəstək və həmrəylik də vacibdir. Biz hamılıqla patriarxal davranış normaları və selektiv münasibəti sındıra, ənənəvi gender stereotiplərini müsbət düşüncə tərzinə transformasiya edə, qadın və qızları səlahiyyətləndirərək diqqətimizi daha yaxşı bir dünya qurmaq naminə işə yönəldə bilərik. Gəlin, 16 günlük fəaliyyət kampaniyası çərçivəsində güclərimizi birləşdirək, zorakılığa qarşı sıfır dözümlülük sərgiləyərək, hamı üçün daha ədalətli bir gələcək uğrunda birlikdə mübarizə aparaq”.
Qeyd edək ki, BMT-nin Baş Assambleyası 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən hadisədən qaynaqlanır. Həmin vaxt Dominikan Prezidenti Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Qadınların zorakılığa qarşı mübarizə simvolları ağ lentdir. Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı BMT-nin müraciətində bildirilirdi ki, qadınlara qarşı zorakılıqdan qadınlarla bərabər ümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir. Zorakılıq qadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, iqtisadi inkişafı məhdudlaşdırır. BMT cəmiyyətin bu problemə diqqətini cəlb etmək üçün noyabrın 25-də hökumətlərə, beynəlxalq təşkilatlara və QHT-lərə tədbirlər keçirməyi təklif edir.
Ölkəmizdə hər il noyabrın 25-i Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd edilir. İstər Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, dövlət strukturları, istərsə də ictimai təşkilatlar tərəfindən xüsusi tədbirlər keçirilir, ictimaiyyət qadınlara qarşı zorakılıqla mübarizəyə təşviq edilir. Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında məlumat bülleteni hazırlanıb. Bülletendə bu günün təsis edilməsi tarixi, məqsədi, ölkəmizdə qadınların səlahiyyətlərinin artırılmasına, gender bərabərliyinin təminatına, qadın siyasətinin həyata keçirilməsinə, Azərbaycanda qadınların rolunun artırılmasına dair qəbul olunan rəsmi sənədlərin tam mətni təqdim edilib. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması tarixi faktı, qadın hüquqlarının müdafiəsinin, onlar üçün yaradılan imkanların genişləndirilməsinin dövlət siyasətinin əsas prioritet istiqamətlərdən biri olması haqda məlumat verilib, cəmiyyətimizdə qadınların rolu, şərəfli missiyası mövzusunda görkəmli şəxslərin söylədikləri dəyərli fikirlər də yer alıb. Nəsimi Rayon İcra Hakimiyyətində də Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı "Qadınlara qarşı zorakılığa yox deyək!" mövzusunda tədbir keçirilib. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zahid Xəlilov ailə və cəmiyyətin ictimai həyatında qadınların rolundan danışıb. Bildirib ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu, qanunvericilikdə öz əksini tapıb. Məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin nümunəsidir. Bununla bağlı qanunların qəbulu və müvafiq dövlət qurumlarının fəaliyyət göstərməsi ilə yanaşı bu məsələdə vətəndaş cəmiyyətinin də rolu çox böyükdür. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün səylərini birləşdirməlidir. Tədbirdə qadın zorakılığına qarşı mübarizə günü ilə bağlı təqdimat və çıxışlar olub, problem ətrafında fikir mübadiləsi aparılıb. H.Sarabski adına mədəniyyət evi kollektivinin təqdim etdiyi səhnəcik də maraqla izlənilib.
Psixoloq Fərqanə Mehmanqızı “Sherg.az"a açıqlamasında 16 günlük fəallıq kampaniyasının lazımi səviyyədə dəyərləndirilməsinin vacib olduğunu söylədi:
- 16 gün ərzində, əslində, çox iş görmək olar. Biz qadınlar problemləri yığışıb bir masa ətrafında müzakirə etməkdən konkret və ciddi fəaliyyətə keçməliyik. Harada qadına qarşı zorakılıq varsa, qanunvericiliyə uyğun qarşısı alınmalı və zorakılıq edənlər qanunla cəzalanmalıdır. Məncə, zorakılığın müəyyən edilməsi çox əhəmiyyətlidir. Çünki zorakılığa məruz qalmış qadınların heç də hamısı bu barədə danışmır, bildirmir, hüquq-mühafizə orqanlarına məlumat vermir. Qadınlar bir çox hallarda onlara kiminsə yardım edə biləcəyinə də inanmırlar. Ona görə ki, yardım edə biləcək orqanlar, şəxslər haqqında məlumatlı deyillər. Dövlət Komitəsinin Qaynar xətti var. Xüsusi sığınacaqlar var ki, onlara da müraciət etmək olar. Amma bəzən qadınlar bu haqda məlumatsız olur, ya da çəkinirlər, qorxurlar şikayət etməyə. “Qadın Dəstək Xətti” fəaliyyət göstərir. Bu, "Azercell"in təşəbbüsü ilə yaradılan xidmətdir. Böhran və sosial təhlükəli vəziyyətdə yaşayan, fiziki və ya psixi zorakılıqla üzləşən qadınlara yardım məqsədilə yaradılıb. Baxın, “Qadın Dəstək Xətti” 2024-cü ilin yanvar-iyun ayları üzrə hesabatını açıqlayıb. Bildirilir ki, qeyd olunan dövrdə xidmətə 412 müraciət daxil olub. Müraciətlər hüquqi yardımla, boşanma, sosial-maddi rifahla bağlı da olub, 34 müraciətsə məhz məişət zorakılığı ilə bağlı olub. Qadınlar bu xidmət haqqında daha çox məlumatlı olsalar, problemlər daha effektiv həllini tapar. “Qadın Dəstək Xətti”nin əsas məqsədi effektiv psixoloji, emosional və sosial dəstəyin təşviq edilməsi və zorakılıq qurbanlarının reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına kömək etməkdir. Müraciət edən qadınlar hüquq klinikalarına, reabilitasiya mərkəzlərinə, sığınacaqlara, hüquqi məsləhət verən QHT-lərə yönləndirilir. Sosial şəbəkələrdə aktiv olan qadınlarımız “Qadın Dəstək Xətti”nə internet üzərindən, elektron qaydada müraciət edə bilər. Elektron poçt ünvanı, feysbuk səhifəsi də var.