İbrahim Tellioğlu: Paşinyanla erməni lobbisi arasında gərginlik var

Sülh və Zəngəzur dəhlizinin açılması an məsələsidir
 
 “Əgər Paşinyan erməni diasporu ilə mübarizədən qalib çıxmasa, heç nə dəyişməyəcək”
 
 
“Baş nazirin Azərbaycan və Türkiyə ilə əməkdaşlıqda maraqlı və qərarlı olduğu ortadadır”
 
 
 Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesi barədə yenə nikbin danışıb. Paşinyan deyib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində müəyyən müsbət irəliləyişlər var. Baş nazir əlavə edib ki, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması üçün hər şeyə hazırdır. Paşinyan hətta onu da söyləyib ki, sülh sazişi imzalandıqda İrəvan qarşılıqlı formada beynəlxalq məhkəmə iddialarından vaz keçməyə hazırdır. Bəzi ekspertlərə görə, Paşinyanın “ilin sonuna qədər hər şeyə hazıram” sözlərindən belə çıxır ki, o, dekabr ayı ərzində Azərbaycanla sülh sazişini imzalamağa cəhd göstərəcək. Amma məsələ ondadır ki, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə ərazi iddialarını ehtiva edən bənd aradan qaldırılmadan sülh sazişinin imzalanması mümkün deyil. Paşinyan və onun komandası isə referendumu növbəti parlament seçkilərindən sonraya saxlayıblar. Yəni Paşinyan sülhlə bağlı tez-tez danışsa da, İrəvan hökuməti bu istiqamətdə konkret və real addımlar atmır.

 Türkiyəli tarixçi-alim, 19 May Universitetinin professoru İbrahim Tellioğlu "Sherg.az"a açıqlamasında deyib ki, 44 günlük Vətən müharibəsindən, qəhrəman Azərbaycan Ordusunun qazandığı böyük Zəfərdən sonra Azərbaycan və Ermənistan arasında bəyannamə imzalandı. Professorun sözlərinə görə, əslində, bu anlaşma ilə Ermənistan dünyanın qəbul etdiyi bir reallığı qəbul etmək məcburiyyətində qaldı: 
"Bununla Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğu gerçəyini qəbul etməli oldu. Moskvanın təşəbbüsü və vasitəçiliyi ilə həyata keçirilən görüşlərdə Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması, münasibətlərin normallaşması yönündə bəzi qərarlar alındı. Ancaq əfsuslar ki, bu qərarların tamamən icra olunması mümkün olmadı, yəni prosesi arzuolunan səviyyədə irəliləmədi. Məncə, bu problemin əsas səbəbi Paşinyan hökuməti yox, erməni diasporu və lobbisinin İrəvan hakimiyyəti üzərindəki təzyiqidir. Reallıqda Paşinyan Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmadan Cənubi Qafqazda rahat, firavan və təhlükəsiz şəkildə yaşamağın qeyri-mümkün olduğunu anlayan bir liderdir. O səbəbdən həm Azərbaycan, həm də Türkiyə ilə əlaqələri mümkün mərtəbədə normallaşdırmaq və qarşıdurmanı aradan qaldırmaq istiqamətində cəhd göstərir. Lakin başda Fransadakı erməni lobbisi olmaqla dünyadakı erməni diasporu tərəflərin sülhə yaxınlaşmaması üçün ciddi təşəbbüslər göstərirlər. Fransanın Azərbaycan əleyhindəki sərt mövqeyi də, əslində, bu məqsədə xidmət edir. Məhz Fransanın Bakı-İrəvan arasında təmaslara, sülh prosesinə yersiz müdaxilə cəhdləri Avropa platformasında keçirilən görüşləri də təxirə salıb".

 İ.Tellioğlu vurğulayıb ki, Nikol Paşinyan ermənilərin bugünədək türk düşmənçiliyi etməsinə səbəb olan məsələlərdə tarixi reallıqları da dilə gətirməyə başlayıb:
 "Paşinyan bir neçə dəfə açıq şəkildə "Böyük Ermənistan" ideyasının uydurma, xəyal olduğunu söyləyib. Baş nazir bu uydurma məsələnin ermənilərlə türklər və gürcülər arasında düşmənçilik yaratdığını vurğulayıb. Eyni zamanda 1915-ci il hadisələrinin "soyqırım" olaraq adlandırılmasının tarixi əsasının olmadığını, həqiqəti əks etdirmədiyini bəyan edib. Qondarma "soyqırım" məsələsinə görə, türklərlə münasibətlərin pozulduğunu, düşmənçilik həddinə gəldiyini deyib. Paşinyanın bu etirafları mühüm olmaqla yanaşı, həm də Azərbaycanla sülh prosesində də önəmli addımlardır. Azərbaycan Cənubi Qafqazın inkişaf etmiş, güclü, nüfuzlu ölkəsidir. Paşinyan da Azərbaycanla düşmənçiliyi davam etdirməklə müsbət nəticə əldə etməyəcəyini yaxşı bilir. Dərk edir ki, Ermənistanı siyasi-iqtisadi sahədə irəliyə daşımaq üçün həm Azərbaycanla, həm də Türkiyə ilə münasibətləri normallaşdırmaq şərtdir".

 Tarixçi-alim qeyd edib ki, erməni diasporu modern erməni kimliyinin formalaşmasında mühüm rol oynayan - "Böyük Ermənistan", "Qafqazların qədim mədəniyyəti - ermənilər", o cümlədən qondarma soyqırım kimi iddiaları sürdürməkdə israrlıdır: 
"Bu ideya lobbi dairələrinə dünyadakı bütün erməniləri bir dam altına toplamağa imkan verir. Ona görə də Ermənistanın daxili və xarici siyasətinə müdaxilələr edərək İrəvanı istədiyi istiqamətə yönləndirməyə çalışır. Paşinyan diasporun yönləndirməsi ilə ölkəsinin bölgədə sabitliyə, əmin-amanlığa qovuşmayacağının fərqindədir. Bu səbəbdən özünə və ölkəsinə bir istiqamət müəyyənləşdirib. Paşinyanın erməni diasporundan asılı olmadan Azərbaycan və Türkiyə ilə əməkdaşlıqda maraqlı və qərarlı olduğu ortadadır. Erməni diasporu isə Ermənistana maddi dəstək verməyin qarşılığında İrəvanın həyata keçirdiyi siyasətə müdaxilə edir. Hazırda Paşinyanla erməni lobbisi arasında gərginlik var. Amma Paşinyan arxasındakı xalq dəstəyi ilə öz siyasətini həyata keçirməkdədir. Əgər Paşinyan erməni diasporu ilə mübarizədən qalib çıxarsa, sülhün əldə olunması və Zəngəzur dəhlizinin açılması istiqamətində müsbət nəticələr olacağı şübhəsizdir. Rusiya da bu düşüncədədir. Ancaq mücadiləni erməni diasporu qazanarsa, türk-erməni münasibətləri olduğu kimi gərgin qalacaq və heç nə dəyişməyəcək. Həmçinin Ermənistan regionda pozucu, siyasi çəkisi olmayan, iqtisadi durumu gündən-günə pisləşən ölkə olaraq qalmaqda davam edəcək".