Oğlu İsmayıl Şıxlıdan danışdı: "Elə bil, atamın vəfatından bu qədər il keçməyib"


  Azərbaycanın görkəmli ictimai-siyasi xadimi,  böyük nasir, ədəbiyyatşünas alim İsmayıl Şıxlının vəfatından 25 il ötür. Ədibin həyat yolu çoxlarına örnək ola biləcək qədər qiymətli və şərəflidir.
"Dəli Kür" romanı ilə çoxlarının qəlbinə yol tapan ədibin həyat yolu da yaradıcılığı kimi zəngin olub.

Onun sonuncu- vəfatından əvvəl yekunlaşdırdığı əsəri isə "Ölən dünyam" idi. Bəlkə də, bu ad nəyəsə - bir neçə ay sonrakı itkiyə işarəymiş.

 İsmayıl Şıxlının oğlu, "Ayna"-"Zerkolo" qəzetinin baş redaktoru Elçin Şıxlı təəssüratlarını "Sherg.az"la bölüşüb:



"Elə bil, atamın vəfatının üzərindən bu qədər il keçməyib, hadisə dünən olub. Bir ilə yaxın yataqda yatdı. "Ölən dünyam"ı bitirə bilməyəcəyi üçün çox narahat idi. Amma bacardı. Martda əsəri yekunlaşdırdı və iyulda aramızdan ayrıldı".

E. Şıxlı, həmçinin atasının nümunəvi xarakterindən də söz açıb: "Məqsədyönlü insan idi. Hədəfi var idi. Ümumiyyətlə, məncə, həyatda məhz belə yaşamaq, bir amal uğrunda mübarizə aparmaq lazımdır. Əks halda, həyatın mənası olmur".