Strateji inkişaf kursu Azərbaycanı dünyaya dayanıqlı ölkə kimi tanıtdı


 "Ölkəmizdə pandemiyaya və neft bazarındakı qeyri-müəyyənliklərə baxmayaraq, sоsial layihələr və iqtisadi prоqramlar uğurla həyata keçirilir".
Bunu "Sherg.az"a millət vəkili Anar Məmmədov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev son on yeddi ildə regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayıb, bu istiqamətdə kompleks tədbirlər həyata keçirib:

"Bunun üçün ölkə başçısı tərəfindən müvafiq göstərişlər verilir, bir çox sosial obyektlər inşa edilir. Bunun nəticəsidir ki, rayonlarda sosial-iqtisadi sahədə yaxşı inkişaf var. Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin iqtisadi qüdrətini daha da yüksəltməklə yanaşı, bölgələrin inkişafına da əhəmiyyətli şəkildə təsir göstərir. Eyni zamanda bütün infrastruktur layihələri ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələr arasında su layihələrinin xüsusi yeri var. Eyni zamanda şimal-qərb zonasında ənənəvi kənd təsərrüfatı sahəsi olan fındıqçılığın inkişafı ilə bağlı konkret addımlar atılır. Cənab Prezidentin də vurğuladığı kimi əsas məsələ odur ki, insanlar daha da yaxşı yaşasınlar, öz maddi vəziyyətlərini yaxşılaşdırsınlar. O insanlar ki, hələ öz maddi vəziyyətlərini tam təmin edə bilmirlər, onların köməyinə dövlət gəlir".

Parlament üzvünün sözlərinə görə, bu gün Azərbaycanda 84 min ailə ünvanlı sosial yardım alır:

"Bu il 90 min insan üçün ictimai ödənişli iş yerləri açılır. Bu istiqamətdə ABAD mərkəzlərinin yaradılması, əslində, özünüməşğulluq proqramının tərkib hissəsidir. Prezidentin böyük uzaqgörənliklə, müasir dövrün çağırışlarına uyğun reallaşdırdığı, milli maraqlarımızın ən ali norma prinsiplərini özündə ehtiva edən inkişaf strategiyası Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə, dövlətçilik mənafelərinin qorunmasına böyük töhfələr verir. Ölkə başçısının hərtərəfli əsaslandırılmış strateji inkişaf kursu əlverişli geosiyasi mövqeyə, zəngin təbii-iqtisadi potensiala malik olan Azərbaycanı bütün dünyaya siyasi və makroiqtisadi baxımdan sabit məkan, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkə, nüfuzlu beynəlxalq tədbirlər məkanı kimi tanıtdı. Ona olan etimadı daha da möhkəmləndirdi. Dövlət başçısının həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən birinə çevrilib. Hökumətin regionların inkişafına xüsusi diqqətlə yanaşması hər bir bölgənin inkişafına əsaslanan yeni strategiyanın qurulmasına nail olmaqdan ibarətdir".