“Şəhid ailələri və qazilərlə bağlı fədakar addımlar atılır”

“Onlara mənzil və avtomobillərin verilməsi istiqamətində dövlətimiz tərəfindən uğurlu işlər görülür”

“Həmçinin özünüməşğulluqda müharibə əlillərinə çox geniş imkan yaradılır”


Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə və fərdi evlərlə təminatı üçün işlər görülür. Pandemiya dövrü olmasına baxmayaraq, bütün sosial proqramlar kimi, bu proqram da genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan artıq 554 mənzil verilib.

Digər mənzillər və fərdi evlər də ilin sonunadək veriləcək. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev verilib .



“Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi”nin sədri, Qarabağ qazisi Firudin Məmmədov “Sherg.az”a bildirib ki, son illər həm Qarabağ əlillərinə, həm şəhid ailələrinə mənzil və avtomobil verilməsi istiqamətində dövlətimiz tərəfindən uğurlu addımlar atılmaqdadır. 

Onun sözlərinə görə, bütün dünyada pandemiya və neftin ucuzlaşması problemi var. Dünya ölkələrinin hamısında iqtisadi durumların geriyə getməsinə baxmayaraq, cənab Prezidentin rəhbərliyi ilə fədakar addımlar atılır:

“Əmin-amanlıq dövründə həssas təbəqədən olanlar üçün nəzərdə tutulan sosial dəstək paketi çətin durumda da davam edir. Büdcədə və  iqtisadiyyatda geriləmə olsa da, qayğıya ehtiyacı olan vətəndaşlarımız diqqətdən kənarda qalmır. Dövlətimizin yürütdüyü siyasət olduqca təqdirəlayiqdir. Bunun üçün Ali Baş Komandanımıza təşəkkürlərimizi bildiririk.

2017 və 2020-ci illərdə müharibə veteranlarına, şəhid ailələrinə mənzil paylanılmasında inqilabi sıçrayış oldu. 2017-ci ildə 200 mənzil verildiyi halda, 2018-ci ildə bu rəqəm 600-ə çatdı. 2019-cu ildə 950 mənzil, 2020-ci ildə isə 1500-dən artıq mənzil nəzərdə tutulur. Bu da mənzil növbəsinə dayanmış şəhid ailələri və Qarabağ əlillərinin növbəsinin başa çatması və hər birinin ayrı-ayrılıqda mənzillərlə təmin olunması deməkdir”.

F.Məmmədov qeyd edib ki, qayğıya ehtiyacı olan vətəndaşlarımızın avtomobil təminatında da rəqəmlər sürətlə artır:

“Bu gün Qarabağ əlilləri və onlara bərabər olan şəxslərin hamısı avtomobillə təmin  olunacaq. O demək deyil ki, dövlət bununla mənzil və avtomobil verilməsini dayandırır. Zaman keçdikcə yeni əlillik alanlar, son döyüşlərdə qəhrəmanlıq göstərənlər və şəhid ailələri var ki, onlar da mənzil və avtomobil növbələri götürürlər”.

Qarabağ qazısı vurğulayıb ki, həmçinin özünüməşğulluqda müharibə əlillərinə çox geniş imkan yaradılır:

“Əvəzi ödənilməklə müharibə veteranlarının ictimai işlə təmin olunmasına  intensiv yanaşma var. Bütün bunların hamısı onu göstərir ki, dövlətimiz vətən uğrunda xidməti olan insanları diqqət mərkəzində saxlayır. “Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi” olaraq siyasətin tərkib hissəsi kimi bu işlərin içindəyik. İctimai nəzarəti həyata keçirməklə yanaşı, dövlətimizə dəstək olmaqda əlimizdən gələni etməyə hazırıq”.