Şəhidin adına saxta profil açılıb, xanımlara “follow” göndərilir – Kibercinayətkarlıq ! - Foto

“Bu xüsusilə təhlükə yaradan kibercinayət növüdür”

“Belə hallarda  cinayətkarlar adətən kişilər, qurbanlar isə qadınlar olur”

“Virtual məkan belə xarakterli kibercinayətlər törətmək üçün əlverişli məkana çevrilə bilər”


Şəhid polkovnikimiz İlqar Mirzəyevin şəhid olmasınınm üzərindən heç qırx gün keçməyib. Amma, təəssüf ki, bəziləri indidən vəziyyətdən sui-istifadə etməyə başlayıblar. Belə ki, “İnstagram” sosial şəbəkəsində şəhidimizin adına saxta profil açılıb və xüsusilə zərif cins nümayəndələrinə “follow” təklifi göndərilib. Xanım istifadəçilərdən biri məsələni ictimailəşdirərək yazıb: “Məqsəd nədir?”. Çox dəqiq və yerində verilmiş sualdır. Bu əməl nəyə hesablanıb? 



 BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin müəllimi, filosof  Elmar Hüseynov məsələ haqqında “Sherg.az”a danışarkən İlqar Mirzəyevin adına saxta profil açanın amacının heç də şəhidin xatirəsini əbədiləşdirmək olmadığını vurğulayıb: 

“Nəzərdən keçirdiyimiz bu hadisə özündə kibercinayətkarlığın müəyyən əlamətlərini əks etdirir.  Göndərilən mesajların hədəfi kimi yalnız və yalnız qızların, qadınların seçilməsi burada artıq bu qəbildən olan müəyyən cinayətkarlıq meyllərinin mövcud olmasını ehtimal etməyə imkan verir. Kibercinayətkarlıq özünün həm təsir göstərmə mexanizmləri, həm də törədə biləcəyi psixoloji tramvalar, maddi zərər, təhlükə riski və s. etibarilə çox mürəkkəb fenomen olub.



Bütün bunlar yaşadığımız müasir qlobal sivilizasiyasının yüksək texnoloji inkişafının zərərli yan təsir effekti kimi meydana çıxır. “Symantec” Korporasiyasının 2013-cü ildə hazırladığı kibercinayətkarlıqla bağlı hesabatda dünya üzrə internetdən istifadə edən yetkin insanların 50 faizinin kibercinayətkarlıqla və ya digər neqativ onlayn vəziyyətlərlə üzləşməsi artıq müəyyən edilib.

Azərbaycanda bu qəbildən olan cinayətkarlığın bəzi formalarına qarşı mübarizə aparılsa da, müəyyən müzakirə və maraafləndirmə tədbirləri həyata keçirilsə də, kibercinayətkarlığın xüsusi bir forması olan “Virtual seksual təzyiq” adlı virtual cinayətkarlıq lazımi qədər diqqət mərkəzinə gətirilmir. Halbuki bu şəxsi həyatın toxunulmazlığı və psixoloji sağlamlığın qorunması müstəvisində xüsusilə təhlükə yaradan kibercinayət növüdür.  Nəzərdən keçirdiyimiz bu hadisənin əsl səbəblərini və nail olmaq istədiyi nəticələri məhz sözügedən konteksdə analiz edə bilərik”. 

E.Hüseynov fikrincə, xüsusilə sosial şəbəkələrdə cinayətkarlığın bu elementlərinə rast gəlinməsi heç də təsadüfi deyil: 

“Bu təzyiq növü ilk dəfə hələ 1993-cü ildə amerikalı jurnalist Culian Dibbel tərəfindən internet vastəsi ilə bir neçə insanın eyni zamanda daxil olub virtual ünsiyyət qura bildiyi “LambdaMOO” adlı sosial şəbəkədə diqqət mərkəzinə gətirilib. 2007-ci ildə isə Belçika Federal Polisi İkinci Həyat (Second Life) adlı virtual gerçəklikdə məsələni araşdırmağa başlamışdır. 2010-cu illərdə  virtual dünya və sosial şəbəkələrin sayı çoxalmış, həm də belə virtual davranışa əl atan insanların sayında artım qeydə alınıb. 

Azərbaycanda əsasən “Facebook” və “İnstagram” kimi daha populyar sosial şəbəkələrdə belə məqamlara rast gəlinir. Nəzərə almaq lazımdır ki, sözügedən təzyiqə meyilli şəbəkə iştirakçıları bir sıra hallarda saxta istifadəçi adlarından istifadə edirlər. Qurbanın real şəxsiyyəti əksər hallarda onlar üçün anonim qalır. Onunla real həyatda qarşılaşma ehtimalı az olduğundan təcavüz xarakterli düşüncə, istək və meyllərini daha asan şəkildə, heç bir məhdudiyyət olmadan paylaşa bilirlər. 

Bu da öz növbəsində qurbanın daha ağır psixi travma alma ehtimalını yüksəldə bilər. Halbuki belə insanların altşüurunda seksual təzyiqə və zorakılığa meyllər hər zaman mövcud olsa da, real həyatda qanun qarşısında cinayət məsuliyyəti və ictimai qınaq qorxusu səbəbindən bu qəbildən olan sosial davranış formalarına əl atmaqdan çəkinirlər.

Belə hallarda  cinayətkarlar adətən kişilər, qurbanlar isə qadınlar olur. Cinayətkarlar və qurbanlar arasındakı belə gender bölgüsünün biologiya, nevrologiya, psixatriya kimi elmlərin timsalında təbii elmi izahatı mövcuddur. Belə ki, orta statistik kişi beynində haqqında danışdığımız istək  və aqressiv davranış aktlarını idarə edən pay mərkəzlərinin həcmi orta statistik qadın beyninin müvafiq sahələri ilə müqayisədə dəfələrlə böyükdür.

Təhlükə yaradan bütün şərtlər aradan qalxarkən, məsələn, cəmiyyətdə qanunlar öz işləmə mexanizmini itirərək cəzasızlıq şəraiti yaradarkən, belə meyl və istəklər dərhal üzə çıxmağa başlayır, nəticədə bu cür insanın cinayət törətmək ehtimalı yüksəlir. Virtual məkan isə özünün bir çox cəhətləri etibarilə məhz belə xarakterli kibercinayətlər törətmək üçün əlverişli məkana çevrilə bilər.

Bu səbəbdən həm bütövlükdə cəmiyyət, həm də ayrılıqda hər bir insan baş verə biləcək bütün kibercinayətkarlıq formalarını öncədən aşkar etməli, əvvəlcədən onlara qarşı önləyici tədbirlər görməlidir”.