Bu qətli Baş Prokurorluğun və DİN-in vəzifəli şəxsləri araşdıracaq - RƏSMİ

Baş Prokurorluq Bərdədə törədilən qətllə bağlı məlumat yayıb.
Prokurorluğun mətbuat xidmətindən "Sherg.az"a verilən məlumata görə, avqustun 12-də saat 01 radələrində Mənsur Camalovun öldürülməsi, 3 nəfər şəxsin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə Bərdə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib, o cümlədən digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçiriblər.

İlkin araşdırmalarla müəyyən olunub ki, Bərdə şəhər sakinləri Nicat Əzizov, Adıgözəl Abbasov, Mənsur Camalov və Rauf Bağırovla rayonun Şorəlli kəndi ərazisində hazırda şəxsiyyətləri istintaq yolu ilə araşdırılan şəxslər arasında yaranmış mübahisə zamanı Mənsur Camalov öldürülüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanmış, təcrübəli prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri rayona ezam olunublar. Törədilmiş cinayət hadisəsinin xarakter və mürəkkəbliyi nəzərə alınmaqla Baş prokuror tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.