“İlham Əliyevin Putinə zəngi Kremlə mesajdır” – AKTUAL ŞƏRH

“Zəngin əsas səbəbi Rusiyadan Ermənistana daşınan hərbi təyinatlı yüklərlə 
bağlıdır”

“Bu vəziyyət rəsmi Bakıya Türkiyə ilə hərbi-strateji müttəfiqliyi üst səviyyəyə qaldırmaqdan başqa yol qoymayıb” 


“Prezident İlham Əliyevin  avqustun 12-də Rusiya prezidenti Vladimir Putinə zəng etməsi təsadüfi deyil. Bu telefon danışığında Azərbaycan prezidenti Rusiyanın himayə etdiyi Ermənistanın təxribatlarını bir-bir Putinin diqqətinə çatdırıb”

Bu sözləri “Sherg.az”a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Analitik qeyd edib:

"Brincisi, İlham Əliyev deyib ki, iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat və təcavüz aktı nəticəsində Azərbaycanın hərbi qulluqçuları və bir nəfər mülki şəxs həlak olub. İlham Əliyev ayrıca, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
İkincisi, İlham Əliyev Ermənistanın təxribatının məqsədini Putinin diqqətinə çatdırıb: “Ermənistanın hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olub”.



Yəni prezident demək istəyib ki, Ermənistan Rusiyanın müdaxiləsini istəyib. 
Üçüncüsü, dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalardan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin diqqətinə çatdırıb:

“Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcmi 400 tondan artıq olub və bu məsələ aydınlaşdırılmalıdır” ”.

Analitikin sözlərinə görə, Prezident İlham Əliyevin Vladimir Putinə telefon zənginin əsas səbəbi məhz üçüncü bəndlə bağlıdır:

“Azərbaycan Prezidenti faktiki rusiyalı həmkarına Rusiyanın Ermənistana hərbi dəstəyindən narazılığını açıq şəkildə bildirib. İlk dəfədir ki, ölkəmizin başçısı rusiyalı həmkarıyla telefon danışığı zamanı bu cür iradlar səsləndirib. Dövlətimizin rəhbərinin rusiyalı həmkarına telefon zənginin Türkiyənin müdafiə nazirinin Bakıda olması gününə təsadüf etməsi həm də Kremlə mesajdır:“Rusiyanın Ermənistana hərbi dəstək siyasəti rəsmi Bakıya Türkiyə ilə hərbi-strateji müttəfiqliyi üst səviyyəyə qaldırmaqdan başqa yol qoymayıb” ”.