Alim də narazıdır ! - ““Xiyar” adlı tələbəm var idi” - İki dəfə düşünün !

“Estetikanı nəzərə almaq da şərtdir. Bir baxın, İnci, Zümrüd nə gözəl səslənir”

“Əsas məsələ milliliyimizi və dilin keyfiyyətlərini qorumaqdır”

“Bəzi valideynlər övladlarına bir çox serial və cizgi filmində olan personajların adlarını vermək istəyirlər”.
Bu sözləri Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib. O, bildirib ki, bu istəklə çıxış edənlərin əksəriyyəti xaricdə yaşamış və ya təhsil almış vətəndaşlarımızdır.

Yeni doğulan körpələrə film, serial qəhrəmanlarının adlarının qoyulmasını müşahidələr də təsdiq edir. Kimisə ideal hesab edib, övladımızın da ona bənzəməsini istəyə bilərik. Amma söhbət ad məsələsinə gələndə gərək iki dəfə düşünək. Axı isim hətta ömrü boyu, hətta ölümündən sonra da insanı izləyir. 

Statistik məlumat barədə “Sherg.az”a danışan dilçi-alim Adil Babayev bunu düzgün hesab etmədiyini söyləyib: 

“Biz hər tendensiyaya meyil göstəririk. Sovet vaxtında Əliyə “Alik”, Vəliyə “Valik” deyirdik.  Hətta anamıza “mama”, atamıza “papa” deyə səslənirdik. Başa düşürəm, bu, o dövrün tələbi idi. Amma vəziyyət artıq dəyişib. Heç olmasa, indi diqqətli olmalıyıq. Övladımıza ad qoymaq elə-belə məsələ deyil. Məsələn mənim “Xiyar” adlı tələbəm  var idi. Belə seçimlər düzgün deyil”.
 
A.Babayevin fikrincə, uşaqlarımıza ad seçəndə müəyyən meyarları nəzərə almalıyıq: 

“İlk növbədə milli mənsubiyyətimizə uyğun adlara üstünlük verməliyik. Yaxşı olar ki, ad beynəlxalq aləmdə də başa düşülsün və yazılsın. Fatimeyi-Zəhra kimi mürəkkəb adlardan qaçmaq lazımdır.  Estetikanı nəzərə almaq da şərtdir. Bir baxın, İnci, Zümrüd nə gözəl səslənir. Niyə heç kim övladına “At”, “Toyuq” qoymur? Amma “Göyərçin” ən çox işlənən isimlərdən biridir.

Halbuki at göyərçindən daha faydalıdır. Deməli, gözəlliyi, özəlliyi də nəzərə almaq lazımdır. Ona görə də övladlarımıza ad qoyanda hissiyata qapılmaq olmaz. Əsas məsələ milliliyimizi və dilin keyfiyyətlərini qorumaqdır”.