Kəramət Böyükçöl:"Müalicə alıram, ümid edirəm ki, yaxşı olacam"  

"Günlərdir gərgin idim. Ürəyim partlayırdı. Dözə bilmirdim. Ən adi problemlərin qarşısında özümü aciz hiss edirdim. Bezmişdim. Yorulmuşdum. Reallıqlarla barışa bilmirdim. Və belə bir vəziyyətdə emosiyalarımı saxlaya bilmədim, canlı açıb kobud ifadələrlə çıxış elədim, statuslar yazdım"

"Sherg.az" xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl özünün Feysbuk hesabında yazıb. O qeyd edib ki, bütün hallarda nə olur olsun içkili bir vəziyyətdə içində qeyri-etik ifadələrin yer aldığı o cür çıxışlar etməməli idim:

"İnanmaq istəyirəm ki, mən cəmiyyət üçün bir-iki çıxışın qurbanı olacaq, bir-iki sərxoş çıxışa görə silinib atılacaq adam deyiləm. Bir az yaşamaq istəyirəm, qızıma, oğluma görə yaşamaq istəyirəm. Yeni əsərlər yazmaq istəyirəm. Polisdən buraxılmışam, hazırda xəstəxanadayam. Müalicə almağa başlamışam. Özümü vahimə içində, yorğun və o qədər ümidsiz, halsız hiss edirəm ki, bu cəhənnəm quyusundan məni ancaq sizin dəstəyiniz, təsəlliniz çıxara bilər, əziz dostlar. Ümid edirəm ki, yaxşı olacam".