Müəllimin təklifi aləmi qatdı: biri “hə” deyir, biri də “yox”... – Fikirlər toqquşdu! 

“Universitetlərdə avtomobil idarə edilməsi öyrədilə bilərmi?” sualı ətrafında qızğın müzakirə aparıldı 

“Belə təklif verənlər ali təhsil müəssisələrinin funksiyasını  başa düşmək istəmirlər”

“Tələbələrə təkcə nəzəri biliklər aşılanmamalı, praktika da təşkil edilməlidir”


Ali məktəblərdə avtomobil idarə etmənin də tədris olunması təklif olunub. Bu barədə BDU-nun SABAH qruplarının dekan müavini Gündüz Uluxan danışıb. O, bildirib ki, dərslər mülki müdafiə fənninin tərkibində keçirilə bilər: “Avtomobilin idarə olunmasının öyrənilməsində insan anatomiyasına da toxunulduğuna və özündə mülki müdafiənin müxtəlif elementlərini birləşdirdiyinə əsasən bunun maraqla qarşılanacağını deyə bilərik.

Humanitar və təbiət elmləri fakültələrinin xüsusiyyətlərini nəzərə alsaq, yeni tədris planının hazırlanması və təlimlərin təşkili yaxşı olar. Bu təlimlər seçmə fənn kimi həftədə 2-3 dəfə olmaqla tədris proqramına salına bilər. Beləliklə, il ərzində həmin fənnə 60-90 saat ayrılır. Bu isə təxminən 4-6 kredit deməkdir. Əslində proses kifayət qədər realdır. Azərbaycan Texniki Universitetində konkret sahə üzrə dərs deyən təcrübəli müəllimləri saat hesabı işə cəlb etmək mümkündür. Təklif etdiyim məsələ gündəlik məişət həyatımızla bağlı olduğu üçün kifayət qədər aktualdır”.

“Professor, akademik niyə tələbəyə maşın sürməyi öyrətməlidir ki?”

 Məsələnin nə qədər real olduğunu öyrənmək üçün mütəxəssislərlə danışdıq. Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında bunu lazım bilmədiyini deyib:

“Belə təklif verənlər ali təhsil müəssisələrinin funksiyasını  başa düşmək istəmirlər. Ali məktəblər müəyyən ixtisaslar üzrə kadr hazırlığı ilə məşğuldur. Başqa sözlə desək, burada əmək bazarının tələbinə uyğun gənclər yetişir. Professor, akademik niyə tələbəyə maşın sürməyi öyrətməlidir ki? Üstəgəl, ali məktəblərin maddi təminatı, kadr potensisalı bu qədər çox deyil axı.  Onda sabah da bir başqası universitetlərdə yemək bişirmək, tikiş tikmək kurslarının açılmasını təklif edəcək. Halbuki bunlar üçün xüsusi məktəblər var. Həm də ölkədə kifayət qədər ucuz qiymətə fəaliyyət göstərən sürücülük kursları kifayət qədərdir. Həvəskarlar həmin kurslara müraciət edə bilərlər. Mülki müdafiə fənninin təyinatı isə tamam  başqadır. Bu fənnin tərkibində hərbi hazırlığın təkmilləşməsi, tibbi bilikləin öyrədilməsi daha vacibdir, nəinki avtomobil idarə olunmasının öyrədilməsi”.

Hətta orta məktəblərin yuxarı siniflərində bu təcrübənin tətbiqi mümkündür

Nəqliyyat eksperti İlqar Hüseynli isə təklifi məqbul hesab edir:

“Əlbəttə, ola bilər. Hətta orta məktəblərin yuxarı siniflərində də bu təcrübənin tətbiqi mümkündür. Sadəcə müəyyən məsələləri nəzərə almaq lazımdır. İlk növbədə tələbələrə təkcə nəzəri biliklər aşılanmamalı, praktika da təşkil edilməlidir. Bunun üçün isə texniki vasitələr, yəni maşınlar lazımdır. Amma məhz təlim avtomobilləri. Belə ki, təlim avtomobilləri xüsusi konstruksiyaya malikdir. Əyləc sistemi hər iki tərəfdə var-həm sağda, həm də solda. Beləliklə, qəza şəraiti yarananda təlimçi müdaxilə edir. Ali məktəblərdə də belə maşınlardan istifadə olunmalıdır. Heç bir halda təlim adı ilə adi nəqliyyat vasitələrini gənclərin ixtiyarına vermək düzgün deyil. İkinci məsələ isə ondan ibarətdir ki, bu təlimlərdə iştirak edənlərə sürücülük hüququ birbaşa təqdim edilməlidir. Çünki onlar həm nəzəriyyəni, həm də praktikanı biləcəklər. Yaxşı, bəs onda sürücülük məktəblərinin, kursların fəaliyyəti necə olacaq? Yəni məsələyə kompleks yanaşmaq şərtdir”.