Ayda 19 manat ödəməklə Kanada inəyi almaq olar

Amma onun sağ-salamat qalacağına heç kim zəmanət vermir

"Ölkəmizə damazlıq heyvanları gətirərkən onun adaptasiyası öyrənilməlidir"

Son zamanlar Azərbaycanda bir çox şirkətlər heyvandarlığa maraq göstərən və xüsusilə bu sahə ilə məşğul olan fermerlər üçün müxtəlif ölkələrdən gətirilmiş iri və xırda buynuzlu cins damazlıq heyvanların həm nağd, həm də lizinq yolla şatışını həyata keçirir. Şirkətlər fermerlərə ilkin ödənişi 25 faizdən başlayaraq, illik faiz dərəcəsi 7 faiz olan və 36 aylıq kredit satışını təklif edir. Damazlıq inəklər arasında Kanadanın "Missy" adlı Holstein-Friz inəyi ən cazibədar və gözəl hesab olunur. O həm ideal ölçüsü ilə fərqlənir, həmçinin məhsuldarlığı ilə də üstündür. Digər inəklərdən fərqli olaraq gündə 50 faiz daha çox süd verir. Holsteyn inəyi dünyanın ən bahalı inəyi hesab olunur. Hazırda ölkəmizdə aylıq 19 AZN ödəməklə Holstein-Friz inəklərini sadə lizinq şərtləri ilə əldə etmək mümkündür.

Damazlıq mal-qaranın lizinq satışı barədə “Şərq”ə açıqlama verən ekspert Natiq Cəfərli bildirdi ki, bu heyvanlar İsveçrə, Kanada, Fransa və Hollandiyadan gətirilir. Onun sözlərinə görə, lizinq şərtləri əsasında heyvandarlığın inkişafı üçün həyata keçirilən bu cür layihələr təqdirəlayiqdir:

“Heyvandarlığın inkişafı istiqamətində yönəlmiş bu tədbirlərə əsasən fermerlər aylıq minimal məbləğlər ödəməklə, onlara sahib ola bilirlər. Amma hər hansı bir cins malın iqlim qurşağına və yem bazasına uyğun şəkildə alınıb gətirilməsi daha məqsədəuyğundur. Bütün bu addımlar elmi araşdırmalar əsasında aparılmalıdır”.

Ekspert vurğulayıb ki, bir müddət əvvəl xarici ölkələrdən gətirilmiş damazlıq heyvanların Azərbaycan iqliminə və yem bazasına uyğunlaşdırılması problemi yaşanıb:

“İlk dəfə Şimali Avropa ölkələrindən gətirilmiş mal-qaralar ölkəmizin həm iqlim qurşağına, həm də ki, yem bazasına uyğun deyildi. Məhz bu səbəbdən də kifayət qədər problemlər oldu və nəticədə bir çox mal-qara tələf oldu. Yəni damazlıqlar gözlənilən gözləntiləri doğrultmadı. Ödənilən bütün vəsaitlər də batdı. Ona görə biz də bu sahəyə biznes təfəkkürü ilə deyil, yalnız elmi təfəkkür ilə yanaşmalıyıq. Mütləq şəkildə qida araşdırmaları olmalı, eksperimentlər aparılmalıdır”.

N.Cəfərli ölkəmizə yeni cins mal-qara gətiriləcəyi zaman onun adaptasiyasının öyrənilməsinin vacibliyini diqqətə çatdırıb:
“Düşünürəm ki, əvvəlcə iki-üç nümunənin gətirilməsi daha məqsəduyğundur. Çünki həmin heyvanların ən azı bir il hansı formada adaptasiya olunması öyrənilməli, daha sonra südçülüyün və ətçiliyin inkişafına yardım edib-etməyəcəyi araşdırılmalıdır. Bu da təbii ki, elmi analizlərə əsaslanmalıdır. Əgər damazlıqlar inkişafa səbəb olmayacaqsa, o boyda vəsaiti onlara xərcləməyin nə anlamı var? Südlük istiqamətində cins mal-qar gətirilirsə, bu, özünü mütləq süd istehsalında göstərməlidir.

Təəssüf ki, ölkəmizdə hələ də belə yanaşma yoxdur. Ona görə də xarici damazlıqlarla bağlı bir çox hallarda problemlərin yaşandığını görürük. Bu gün həm yerli cins mal-qaranın inkişafına, həm də iqlimə uyğun gələn heyvanların məhsuldarlığına diqqət yetirilməlidir. Düşünürəm ki, ölkəyə baha qiymətə iribuynuzlu cins mal-qara gətirməkdənsə, mövcud olan cins mal-qaranın tərkibini yaxşılaşdırmaq daha vacibdir.

Təəssüf ki, Azərbaycanda belə prinsipial yanaşma yoxdur. Damazlıq inəklərin saxlanması üçün yeni heyvandarlıq komplekslərinin inşası istiqamətində mühüm işlər həyata keçirilməlidir”.