Karantinə "TOY" tutanlara sərt təpki: “İndi heç əyləncə vaxtıdırmı?!” - Nəticə çıxarın !

“Qazaxda olarkən bəzi məmurların toy elədiyini eşidəndə ciddi mənəvi sarsıntı keçirdim. Bu, qəbuledilməzdir”

“Sadə vətəndaşları qayda-qanuna əməl etməyə çağıranlar özləri qayda-qanunu pozurlar”



General-mayor Polad Həşimov və onun silahdaşlarının Tovuz döyüşlərində şəhid olaraq əbədi dünyanı qazanmalarının üzərindən 40 gün keçir. Əlbəttə, geridən qalan bir aydan çox bu vaxt bizim üçün nə qədər ağır və kədərli keçsə də, bir o qədər də şanlı, şərəfli oldu. Çünki düşmənə Azərbaycan hərbçilərinin bir qarış torpaq uğrunda  son qanlarına qədər vuruşmağa hazır olduğunu göstərməklə yanaşı, həm də millətimizin, xalqımızın birliyini, hərbi- vətənpərvərlik ruhunu nümayiş etdirdik. 

 Bu gün özünü vətəndaş hesab edən hər kəs şəhidlərimizin xatirəsini dərin hüznlə anır. Millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov “Sherg.az”a açıqlamamasında bildirib ki, o da şəhidlərimizi yad edir:

 “Hazırda Qazaxdayam. Tovuz döyüşlərində şəhid olan zabit və əsgərlərimizin 40 mərasimdə iştirak edirəm. Düşünürəm ki, şəhidlərimizi xatırlamaq hər bir azərbaycanlının borcudur. Xüsusilə də indiki ağır şəraitdə-pandemiya dövründə biz onların ailələrinə dəstək olmalı, vətəndaşlıq mövqeyimizi göstərməliyik. Dediyim kimi, bu, vətəndaşlıq borcudur. Biz öz əməlimizlə dövlətimizin bu istiqamətdəki siyasətini dəstəkləməliyik”.

 S.Seyidov, həmçinin bu günlərdə özünə toy edənləri, şadlıq keçirənləri də tənqid edib: 

“Mən Qazaxda olarkən bəzi məmurların toy elədiyini eşidəndə çox ciddi mənəvi sarsıntı keçirdim. Bu, əlbəttə, qəbuledilməzdir. Xüsusilə bəzi məmurların da həmin məclisdə iştirak etmələri başadüşülməzdir. Ermənistanın təxribatlarının, növbəti işğal cəhdinin təzahürlərini gördüyün bir anda heç toyun, əyləncənin vaxtıdırmı? Sadə vətəndaşları qayda-qanuna əməl etməyə çağıranlar özləri qayda-qanunu pozurlar. Qərbdəki ikili standartlardan danışırıq, bəs bizim bəzi məmurların, millət vəkillərinin etdikləri nədir? Odur ki, sözügedən hadisədən ciddi nəticə çıxarmaq lazımdır”.