Onlayn təhsilə bel bağlamaq olmaz ! – “Heç olmasa, hibrid üsul...!”

“Distant təhsil arzuolunan effekti vermədi”

“Hətta mən deyərdim ki, məsafədən tədris dərs deyil”



Dünya ölkələrində yeni tədris ilindən etibarən dərs prosesinin hansı formada davam edəcəyi məlum olub. Məsələn, ABŞ-ın Nyu-York ştatında şagirdlər həftədə 1-3-cü günlər arası  məktəbə gedəcək, digər günlər isə distant təhsil alacaqlar. Siniflərdə ən çox 12 nəfər olacaq. Övladlarını məktəbə göndərməyən ailələrə cərimələrin tətbiq olunacağını elan edən İngiltərədə şagirdlər siniflərdə qup şəklində təhsil alacaq, ayrı-ayrı yemək və nəqliyyatdan faydalanacaqlar.

Məktəbə giriş və çıxış saatları da fərqli olacaq. İtaliyada təkadamlıq partalar istifadəyə veriləcək. Tədrisin Almaniyada əyani, Fransada hibrit qaydada başlaması nəzərdə tutulub. Türkiyə isə hələ ki, məsafədən tədris üzərində dayanıb. 



 Azərbaycanda hansı üsulun daha məqsədyönlü olması barədə “Sherg.az”a danışan təhsil eksperti Rafiq İsmayılov distant tədrisin əleyhinə olduğunu vurğulayıb: 

“Pandemiyanın ölkəmizdə səviyyəsini nəzərə alaraq, dünya təcrübəsindən istifadə etmək olar. Məncə, dərslər başlasa yaxşı olar. Birincisi, ona görə ki, uşaqlarda yoluxma halı çox aşağıdır.

Ölüm faktı isə, demək olar, yoxdur. Eyni zamanda yalnız distant təhsilin şagirdləri geriyə çəkdiyini, arzuolunan effekti vermədiyini müşahidə etdik. Yəni onlayn təhsilə bel bağlamaq olmaz.

Hətta mən deyərdim ki, məsafədən tədris dərs deyil. Bu mənada, heç olmasa, hibrid üsuldan istifadə edə bilərik. Təhsil Nazirliyi də elə həmin variant üzərində düşünür. Belə olsa, sinifdə şagirdlərin sayı azalacaq, növbəlilik prinsipi tətbiq ediləcək.

Sözsüz ki, müəllimlərin də işi ağırlaşacaq. Bir qrupla əyani, bir qrupla məsafədən məşğul olmaq heç də asan deyil. Amma nə edək? Mövcud vəziyyət bunu diktə edir”.