Plan hazırdı ! - “Ordumuz necə və nə vaxt hücuma keçəcəyini yaxşı bilir”


“Lavrovun erməni həmkarı ilə nə haqqında danışıldığını dəqiq demək çətindir. Amma biz hər şeyə hazır olmalıyıq”

“Heç kim unutmasın ki, müharibə qaçılmazdır və gec-tez baş tutacaq”

“Sadəcə düşmən danışıqları bacardığı qədər uzatmağa və vaxt qazanmağa çalışır” 

“Qurgen Alaverdyanın timsalında bütün Ermənistan ordusu biabır oldu”



Məlum olduğu kimi, hərbçilərimiz Ermənistan ordusunu növbəti dəfə “nokaut”a salıb. Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərsə də, hər şeyi əllərinə, üzlərinə bulaşdırıblar. Cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələrinin gördüyü qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant, 1989-cu il təvəllüdlü Qurgen Alaverdyan əsir götürülüb. O, dünən verdiyi açıqlamada Dağlıq Qarabağda könülsüz xidmət etdiyini və Ermənistan ordusunun heç bir formada Azərbaycanla bacara bilməyəcəyini deyib. Daha nə lazımdır ki? Özləri öz dilləri ilə cılızlıqlarını, bacarıqsızlıqlarını etiraf edirlər...

 “Sherg.az” olaraq baş verən son hadisələrlə bağlı hərbi ekspert Üzeyir Cəfərovla söhbət etdik:

- Erməni hərbçisinin əsir götürülməsini necə qiymətləndirirsiniz?

- Əlbəttə, uğurdur. Əvvəlcə, Qurgen Alaverdyanın  yolu azdığını deyirdilər. Azərbaycan Müdafiə Nazirliyi hadisə haqqında məlumat yaydıqdan sonra düşmən növbəti yalanı uydurdu: guya dayaq məntəqəsini saxlamağa gedərkən itkin düşüb. Amma özü bildirib ki, məqsəd verilən tapşırığı yerinə yetirmək idi və bu, uğursuz olub. 

- Deyəsən, suya düşən saman çöpündən yapışdığı kimi, ermənilər də çətin anda yalandan yapışırlar...

- Bu, onların qanında var. Ermənistan ordusunun baş leytenantı Azərbaycanda qalmaq və bizə xidmət etmək istədiyini söyləyib. Canını qurtarmaqdan ötrü min oyuna əl atır. Sözsüz ki, bu gün millətini, dövlətini satan, sabah bizə də xəyanət edər. Həm də Azərbaycan ordusunun belə bir bacarıqsız hərbçiyə ehtiyacı yoxdur. O, özünü bir yox, bir neçə cəhətdən ifşa etdi. 

- Məsələn?

- Erməni hərbçi yaxalanarkən qeyri-adekvat vəziyyətdə olub. Ya narkotik maddə, ya da spirli içki qəbul edibmiş. Düzdür, adətən kəşfiyyatçıların üzərlərində belə maddələr olur. Amma bu, ən çətin məqamda- bəzən cəsarətlənmək, bəzən də məcbur qalıb özünü zəhərləmək məqsədilə nəzərdə tutulub. İkincisi də ki, heç olmasa, əlindəki silahla özünü öldürə bilərdi.

Hərbçi, xüsusilə kəşfiyyatçı üçün əsir düşməkdən daha pis heç nə yoxdur. Peşəkar və zabit ləyaqətli şəxslər belə anlarda özlərini öldürməyə üstünlük verirlər. Qurgen Alaverdyanın timsalında bütün Ermənistan ordusu biabır oldu. Onların 99 faizi iradəsiz, yaltaq və qorxaqdır. Vətənini satan hərbçidən nə isə gözləmək olmaz. 

- Sizcə, əsirdən alınan informasiyalar əsasında hansısa əks-hücum əməliyyatı həyata keçirmək olar?

- Əslində onun verəcəyi məlumat bizim üçün o qədər də mühüm deyil. 24 saat ərzində həm vizual, həm də elektron texnikalar vasitəsilə düşməni izləyə, müşahidə edə bilirik. Eyni zamanda baş leytenant nə bilir ki, nə də açıqlasın?

O, ancaq bir istiqamətdə, tutalım, Goranboy trayektoriyası üzrə nə isə deyə bilər. Həmin ifadələr isə bəzi məlumatları dəqiqləşdirmək və müəyyən məsələləri koordonasiya etməkdən ötrü əhəmiyyətlidir. Ümumilikdə isə Azərbaycan ordusu bütün istiqamətlərdə- Goranboy, Naxçıvan, Füzuli, Tərtər... necə və nə vaxt hücuma keçmək lazım olduğunu yaxşı bilir. Plan artıq hazırlanıb və təsdiqlənib.

- Dünən Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü keçirildi. Sizcə, nəticə necə olacaq?

- Onu deyim ki, Lavrov dünənki danışıqlardan dərhal sonra erməni həmkarına telefon açıb. Tərəflər arasında müəyyən məsələlər müzakirə olunub. Nə haqqında danışıldığını dəqiq demək çətindir. Amma biz hər şeyə hazır olmalıyıq. 

- Təxribatlar təkrarlana bilərmi?

- Tovuz, Goranboy, indi də Füzuli istiqamətindəki həmlələr, daha doğrusu, uğursuz həmlələr onu göstərir ki, ermənilər “qaşınırlar”. Onların müalicəsi Azərbaycan əsgərininin əlindədir. Ya hamısı fiziki şəkildə məhv edilməli, ya da belə, bir-bir əsir götürülməlidir. Bütün hallarda ermənilərin lovğalığına son qoyulacaq. Heç kim unutmasın ki, müharibə qaçılmazdır və gec-tez baş tutacaq. Sadəcə düşmən danışıqları bacardığı qədər uzatmağa və vaxt qazanmağa çalışır. 

- Hətta Füzuli də...

- Elə bu dəqiqələrdə həmin istiqamətdə düşmənin növbəti PUA-sı ləğv edilib...