Avropa Birliyindən Yunanıstana xəbərdarlıq ! – “Sakit dur, çünki Türkiyə...”

“...Bir neçə cəbhədə siyasi təsirini inkişaf etdirir” 

“Amma “Şımarık çoçuk”lar Almaniyaya, xüsusilə Fransaya güvənib bu addımları atır”

“Eyni zamanda anlayırlar ki, Fransa durub Yunanıstana görə Türkiyə ilə müharibə edən deyil”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Dövlət başçıları ikitərəfli əlaqələri, regionda baş verən hadisələri və Şərqi Aralıq dənizindəki böhranı müzakirə ediblər.

Qeyd edək ki, Türkiyənin Aralıq dənizinə “Oruc Rəis” seysmik tədqiqat gəmisinin göndərilməsi Yunanıstanda sərt reaksiya ilə qarşılanıb. Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizindəki vəziyyəti gərginləşdirməkdə maraqlı tərəf olmadığını vurğulayıb.

Çox güman ki, dövlət başçılarının Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi müzakirə etməsi boşuna deyil. Maraqlıdır, bu müzakirələrdən hansı nəticələr əldə oluna bilər?



Sualımızı cavablandıran politoloq Əhəd Məmmədli “Sherg.az”a bildirib ki, Türkiyə vəziyyətin gərginləşməsində maraqlı deyil. Çünki Türkiyə bir neçə cəbhədə siyasi təsirini inkişaf etdirir. Analitikin sözlərinə görə, Ərdoğan indiki məqamda Yunanıstanla hansısa toqquşmanı düşünmür:

“Yunanıstan Avropa Birliyinin üzvüdür. Eyni zamanda Yunanıstanla Türkiyə NATO-nun üzvüdürlər, yəni hər iki ölkə eyni siyasi-hərbi alyansdadırlar.

Ərdoğan maksimum dərəcədə çalışır ki, Yunanıstanın və onun müttəfiqləri olan - İsrailin, Cənubi Kiprin, Misirin, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) provakasiyalarına məhəl qoymasın.

Çünki Türkiyənin suveren və dövlət maraqları var. Ərdoğan dəfələrlə qeyd edib ki, “Şımarık çocuk”larınıza sahib çıxın. Türkiyəlilər Yunanıstana “şımarık çoçuk” deyirlər.

Ona görə də Avropa Birliyi Yunanıstana sakit durması üçün xəbərdarlıq edir. Amma “Şımarık çoçuk”lar Almaniyaya, xüsusilə Fransaya güvənib bu addımları atır.

Eyni zamanda anlayırlar ki, Fransa durub Yunanıstana görə Türkiyə ilə müharibə edən deyil. Fikrimcə, bu məsələ müharibəyə qədər gəlib çıxmayacaq”.