Gərək payıza hazır olaq ! - “Qripəbənzər viruslar fəallaşır” 

“Ola bilsin, koronavirus da yenidən baş qaldırsın. Odur ki, ehtiyatı əldən verə bilmərik”

“Arxayınlaşmaq olmaz. Çünki Qərbdə ikinci dalğa başlayıb”


Koronavirus pandemiyası ilə çox gərgin mübarizə şəraitindəyik. Gah o bizi üstələməyə çalışır, gah da biz ona gücümüzü göstəririk. Rəqibimiz yüzlərlə soydaşımızın canını almasına rəğmən, indi vəziyyət bizim xeyrimizədir. Əl-ələ verərək, həmrəylik göstərərək xəstəliyi qismən cilovlaya bilmişik. Bircə qalıb ona qalib gəlmək.

 Azərbaycanda koronavirus infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi sayəsində müsbət nəticələr əldə edilməkdədir. Lakin hazırlıqsız yaxalanmamaqdan ötrü vaxtından əvvəl sevinməməli, diqqətimizi azaltmamalıyıq. Çünki arxayınlıq həmişə məğlubiyyətə aparır. 



Həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında hazırkı vəziyyəti müsbət qiymətləndirib:

 “Azərbaycan ekoloji-coğrafi cəhətdən əlverişli mövqedə yerləşir. Bizim ehtiyacımız olan yeganə məqam daxili tənzimləmələrdir. Arxayınlaşmaq olmaz. Çünki Qərbdə ikinci dalğa başlayıb.

Amma müşahidələrimə əsasən deyə bilərəm ki, insanların məsuliyyəti artıb. Maska taxmağı, sosial məsafə gözləməyi həyat tərzinə çevirmişik. Bu, müsbət tendensiyadır.

Yoluxanların sayının 10-15 nəfər fərqlə dəyişməsi, yəni düşüb-qalxması o qədər də qorxulu deyil. Sadəcə gərək payıza hazır olaq. Xüsusilə, oktyabr-noyabr aylarında qrip və qripəbənzər viruslar fəallaşır. Ola bilsin, koronavirus da yenidən baş qaldırsın. Odur ki, ehtiyatı əldən verə bilmərik”.