Deputat: “Azərbaycanda da karantin rejimi uzadılmalıdır”

“Bu yolla insanlarımızı qorumalıyıq”

“Qoyulan qayda və qanunlara ciddi riayət etməliyik”

Ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə və sistemli tədbirlər müsbət nəticələrin əldə edilməsinə imkan yaradıb. Hazırda Azərbaycan yoluxanların və vəfat edənlərin sayının azlığına görə yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır. Dövlətimiz infeksiyasının yayıldığı ilk gündən vəziyyəti nəzarətə götürdü. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı vacibdir. Avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejimi yumşaldıldı.

Təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olublar. Ona görə də Azərbaycanda mayın 4-də karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan mənzərə məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin zəruriliyini göstərir. 

Vəziyyəti dəyərləndirən millət vəkili Vüqar İskəndərov “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə nəticəsində uğurlu nəticələr əldə edilib: 

“Düzdür, avqustun 5-dən karantinin yumşalması yoluxmaları bir az artırdı. Amma görürük ki, vətəndaşlar mərhələli şəkildə qoyulan qaydalara əməl edirlər. Bu, çox sevindirici haldır. Cənab Prezidentin rəhbərliyi altında uğurlu addımlar atıldı, yeni və modul tipli xəstəxanalar tikildi. Regionlarda görülən işlər ümid verir ki, pandemiyadan az itkilərlə çıxa biləcəyik.

Qarşıdan payız ayları gəlir. Digər ölkələrin təcrübəsində baxanda görürük ki, yumşalmalara gedildi, amma yenidən sərt karantin rejimi tətbiq olundu. Bunların hər biri bizim üçün də təcrübədir”. 

Parlament üzvü vurğulayıb ki, karantin rejiminin uzadılmasında maraqlı olmalıyıq:

“Karantin rejimi sərtləşən rayonlarımızda hətta yoluxma sıfıra düşdü. Bəzi ölkələr var ki, dekabr ayına qədər karantini uzadıb. Fikrimcə, ölkəmizə də karantin rejimi uzadılmalıdı.

Bununla insanlarımızı qorumalıyıq. Prezident hər dəfə deyir ki, bizim üçün əsas iqtisadi maraqlar deyil, vətəndaşların sağlamlığıdır. Sağlam qalmaq üçün ölkəmizdə kifayət qədər işlər görülür. Əsas vəzifə öz üzərimizə düşür. Bunun üçün qoyulan qayda və qanunlara ciddi riayət etməliyik”.