“TikTok”un heç bir sərhədi yoxdur

Gənclər zəhərlənir, qarşısını almaq da mümkün deyil

“TikTok”  günümüzün ən zərərli sosial şəbəkə platformalarından sayılır. Təsadüfi deyil ki,   Amerika kimi böyük dövlət də  “TikTok”un gənclərə, cəmiyyətə mənfi təsirinin fərqinə varıb, bunun nəticəsində qadağalara əl atıb. 
Bu platformada çəkilən videolara baxanda dəhşətə gəlməmək mümkün deyil.  Heç bir mənası olmayan görüntülər, hələ kitab üzü açmamış əlinə telefon alıb “Tik tok” çəkən uşaqlar və daha nələr, nələr... 

Ona görə də zaman-zaman həmin gəncləri, valideynləri qınayır, uşaqları “TikTok”dan qorumaqlarını təkidlə  bildiririk.  Lakin cavanlar “TikTok”dan  uzaqlaşdıqca  yaşlı nəsil onların  boşluğunu doldurur. 

Təəssüflə qeyd edirik ki,  son zamanlar ağsaqqallarımızı, ağbirçəklərimizi “TikTok” öz  ağuşuna alıb. Onların yaşlarına  uyğun olmayan hərəkətləri, qoca simalarına yaraşmayan  videoları cəmiyyətdə qıcığa səbəb olmaqla yanaşı sual yaradır. 
Tez-tez gəncliyimizin axırı hara gedir deyirik. 

Bəs  yaşlılar, bu gedişlə onların aqibəti necə olacaq?



Məsələ ilə bağlı “Sherg.az”a danışan  sosioloq  Sahib Altay  deyib ki,  sözügedən  problem təkcə bizə aid deyil. Dünyada da belə  görüntülər var:

“Sadəcə insanların harda, necə özlərini aparması, azad və ya rəsmi, nə cür faliyyət göstərmələri onların intellekt səviyyəsindən, düşüncəsindən, tərbiyəsindən, şəxsiyyətindən asılıdır.  İnternet elə bir resursdur ki, onun sərhədi, senzurası yoxdur. Burda hər hansı  sənətlə məşğul olan adam peşəkar işini də nümayiş etdirə, yaxud da  özünü o sənətin nümayəndəsi kimi  təqdim edə bilər. 

Heç bir  işdə fəaliyyət göstərməyən, ictimai statusu olmayan  bir insan da internetdən  istifadə edir. Bunun  senzurası, hüquqla tənzimlənmiş forması yoxdur. Münasibətimsə  təbii ki, mənfidir. Mən də bütün bunları pis hal kimi qəbul edirəm. Sadəcə qarşısını almağın bir çarəsi yoxdur. Totalitar modelli və ya  demokratik ölkə olsun, fərq etmir,  vəziyyət eynidir. Yalnız  iki şəxsin bir-birini təhqir etməsinə hüquq-normativ  var. O da sırf internet baxımından deyil. Ümumi konstitusiya bunu ümumi əsas olaraq, şəxsiyyəti təhqir kimi götürür”.

Ekspert həmçinin bildirib ki, bu gün hamımız internetdən, sosial şəbəkələrdən istifadə edirik, orda yararlanacağımız paylaşımlar,  yazılar görürük:

“Heç bir faydası olmayan paylaşımlarla da rastlaşırıq.  Ümumiyyətlə, nə isə öyrədib öyrətməməsindən asılı olmayaraq  bizə, gəncliyimizə, cəmiyyətimizə mənfi təsir göstərənləri də var. Bunun bir sərhədi yoxdur. Amma, fikrimcə, gələcəkdə  ayrı-ayrı ölkələr tərəfindən xüsusi senzura qəbul oluncaq”.