“Dövlət vətəndaşın sağlamlığını daim qoruyur”

“İnsanlar da mövcud vəziyyəti anlayışla qarşılamalı, qanunlara əməl etməlidir”

“Hər kəs mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi yanaşmalıdır”


Hazırda Azərbaycanda müşahidə olunan tendensiya dünya ölkələri üçün də xarakterikdir. O səbəbdən bəzi dövlətlər yenidən karantin rejiminin sərt formasına qayıdır. Bu isə o deməkdir ki, heç bir ölkə tam şəkildə özünü koronavirusdan sığortalamış hesab edə bilməz. 
Operativ Qərargahın yeni qərarına əsasən ölkəmizdə karantin rejimi sentyabrın 30-na kimi uzadılıb. Xəstəlik sərhəd tanımır. Hər gün izlədiyimiz fraqmentlər bəşəriyyətin gələcəyi üçün təhdid sayılan infeksiyanın acı nəticələrini ortaya qoyur.




Siyasi elmlər doktoru, “İki sahil” qəzetinin baş redaktoru doktoru Vüqar Rəhimzadə “Sherg.az”a açıqlamasında bildirib ki, dövlət vətəndaşın sağlamlığı naminə iqtisadi məsələləri bir qədər arxa plana atmaq məcburiyyətindədir. Baş redaktor vurğulayıb ki, vətəndaşlar da mövcud vəziyyəti anlayışla qarşılamalı, qanunlara əməl etməlidir:

“Kimsə özünü qanunlardan üstün saymamalı və indiki şəraitdə məsuliyyətsiz davranmamalıdır. Çünki pandemiya ilə səmərəli mübarizə aparmağın yolu insanların davranışı və məsələyə məsuliyyətlə yanaşması ilə sıx bağlıdır.

Virusla mübarizədə səmərəli nəticə əldə edilməsi ictimai yerlərdə, iaşə müəssisələrində xəstəlikdən qorunmaq üçün qaydalara həmin obyektlərin sahiblərinin, vətəndaşların mütləq riayət etmələrindən də asılıdır.

Hər kəs sosial məsuliyyət daşıyaraq, özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi yanaşmalıdır. Əks təqdirdə koronavirusla mübarizədə istənilən nəticənin gerçəkləşdirilməsi mümkün olmayacaq”.