Avtobusa maska ilə daxil olur…

Lakin sonra çıxarıb yaxını ilə qarşı-qarşıya dayanaraq söhbət edir 

İctimai nəqliyyatlarda, yaxud da başqa qapalı məkanlarda nəzarətçilər qoyulmalıdır

"Azərbaycan dövləti pandemiya ilə mübarizədə digər ölkələrə örnək olacaq addımlar atır.  Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlər həyata keçirilir. Bildiyimiz kimi, mart ayından sosial izolyasiya qaydaları tətbiq olundu və aprel ayının sonundan etibarən karantin rejimi yumşaldılmağa başladı. Amma bu gün görünən real mənzərə onu deməyə əsas verir ki, insanlar qoyulan sadə qaydalara əməl etməkdə maraqlı deyillər".

Bu sözləri "Şərq"ə açıqlamasında "İnkişafa Doğru Qadın Təşəbbüsü" İctimai Birliyinin sədri Ziba Nəbiyeva deyib. O bildirib ki, pandemiya şəraitində təhlükəli virusdan qorunmağın ən effektiv üsulu tibbi maskalardan istifadə etməkdir:

"Tibbi maska həm COVİD-19 daşıyıcılarının ətrafa virus yaymalarının qarşısını alır, həm də insanlara təmas zamanı virus düşməsinə imkan vermir. Hökumət tərəfindən atılan bütün addımlar pandemiya ilə mübarizənin daha da güclənməsinə kömək edir.

İctimai nəqliyyatda apardığım müşahidələrim onu deməyə əsas verir ki, insanlar sosial məsuliyyət qaydalarına əməl etmirlər.

Avtobusa maska ilə daxil olurlar, lakin sonra çıxarıb yaxını ilə qarşı-qarşıya dayanaraq söhbət edirlər. Yəni onlar dövlət tərəfindən qoyulan xüsusi göstərişlərə, qaydalara əməl etmirlər.

Düşünürəm ki, ictimai nəqliyyatlarda, yaxud da başqa qapalı məkanlarda rəsmi qurumlar tərəfindən nəzarətçilər qoyulmalıdır. Bunun başqa yolu yoxdur. İnsanlar bütün qoyulan tələblərə ciddi şəkildə riayət etsələr, karantin qaydaları tezliklə yumşaldıla bilər.

Karantin şəraitində bu qədər yumşalma da düzgün deyil. Bu məsələlərdə insanlar daha çox həssaslıq nümayiş etdirməlidirlər".