“Bakı və Ankara yeni sistem formalaşdırır”- Sərhəd tanımayacaq!

“Azərbaycanın Aralıq dənizindəki problemlərdə Türkiyəni dəstəkləməsi Avropa ölkələri üçün də mühüm siqnaldır”

“Çünki Azərbaycanla Türkiyə Avropa Birliyinin enerji təhlükəsizliyi üçün böyük işlər görür".

“Türkiyə ilə digər sahələrdəki əməkdaşlığımız bir millətimiz və hər iki dövlətimizə  uğurlar qazandıracaq”


Prezident İlham Əliyev Yaponiya və Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirlərini qəbul edib. Ölkə başçısı Azərbaycanın xarici siyasətini və milli maraqlarımızı səfirlərin diqqətinə çatdırıb. 
Prezident Yunanıstan səfiri Nikolaos Piperiqkosu qəbul edərkən olduqca açıq şəkildə ölkəmizin milli maraqlarına əsaslanan fikirlər səsləndirib. Dövlət rəhbəri Azərbaycanın xarici siyasət məsələləri, milli maraqlarımız və Yunanıstanla əlaqələr kontekstində qətiyyətli mövqeyimizi ifadə edib:
Prezident görüş zamanı Şərqi Aralıq dənizi mövzusunda Türkiyənin mövqeyini də qəti şəkildə dəstəkləyib:
“Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Türkiyə qəti şəkildə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da Türkiyənin yanındadır”.



Görüşlə bağlı fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Asim Mollazadə bildirib ki, cənab Prezident çox mühüm məqamlara toxunub. 
Parlament üzvünün qənaətincə, Prezident fürsətdən istifadə edərək Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq müstəvisində formalaşdığına diqqət çəkib:

“Ölkə başçısı Azərbaycanın hər zaman qeyd-şərtsiz olaraq Türkiyəni dəstəklədiyini ifadə etdi. Məncə, bu, çox mühüm açıqlama idi. Türkiyə ilə münasibətimiz bir sıra dünya ölkələri üçün nümunə ola bilər. Azərbaycan və Türkiyə birlikdə yeni sistem formalaşdırır. Həmin sistem sərhəd tanımır. Münasibətlərimiz hər bir sahədə məhz qardaşlıq və ortaq maraqlardan irəli gəlir”. 

Millət vəkili qeyd edib ki, Azərbaycanın Aralıq dənizindəki problemlərdə Türkiyəni dəstəkləməsi Avropa ölkələri üçün də mühüm siqnaldır:

“Çünki Azərbaycanla Türkiyə Avropa Birliyinin enerji təhlükəsizliyi üçün böyük işlər görür. Enerji nəqliyyatı sahəsində birgə layihələrimiz mühüm xarakter daşıyır. Prezident yunan səfiri ilə görüşdə Yunanıstanın layihələrimizə əngəl törətmək üçün hiyləgərliyini də vurğuladı. Yunanıstan dövlətinin etibarlı tərəfdaş olmadığını onun nəzərinə çatdırdı”.

Parlamentari vurğulayıb ki, Yunanıstanın layihələrimizə mane olmaq istəyinə baxmayaraq Azərbaycan öz işini uğurla başa çatdırır:

“Türkiyə ilə digər sahələrdəki əməkdaşlığımız bir millətimiz və hər iki dövlətimizə böyük uğurlar qazandıracaq”.