Xəbəriniz olsun, cənablar, Fatmayıda internet yoxdur

Onlayn təhsilə keçmək üçün bir-bir problemlər həll olunmalıdır

"Nazirliyin bu dəqiqə masasının üzərində statistik rəqəmlər olmalıdır ki, əhalinin neçə faizinin internetə çıxış imkanları var, nə qədər insan bundan əziyyət çəkir"

“Balakəndə internet var, amma Fatmayıda yoxdu. Uşaqlarım necə dərs hazırlasın?!”. Fatmayı kəndində avtobus dayanacağında bir qadın giley-güzar edirdi. 
Həm də müəllimə ilə söhbət edir. Çünki arada “bizim uşaqlara bu il dərs deyəcəksiz, Jalə müəllimə?” soruşdu, Jalə müəllimə də “yox, onları “verdim”. Mənim dərs saatlarım çox idi. Heç istəmirdim, o sinfi verim. Amma məcbur oldum...” Söhbətdə iştirak edən başqa xanımsa (o da kənd sakini idi – red.) 
- Niyə şikayət etmirsiz? 
- O qədər eləmişəm. Hər yerə. Hərəsi bir söz deyir. Biri deyir siz Mehdiabad ərazisinə düşürsüz, ora müraciət edin, biri deyir Xırdalana “baxırsız”. Qalmışıq belə. 
- Siz tək yox, kollektiv müraciət edin, 10 qonşu yığışın, məktub yazın. Onda baxarlar. 
Məlum oldu ki, qadın Fatmayı yolundakı “Töhfə” şadlıq sarayının yaxınlığında yaşayır. O əraziyə də internet çəkmirlər ki, yaxınlıqdan kabel keçmir. Qadının övladının biri 6-cı, biri də 5-ci sinfə gedir. Belə işlər... Deməli, sentyabrın 15-i yeni tədris ili başlanır. Bakı, Sumqayıt, Abşeronda şagirdlər həftədə 2 dəfə, bölgələrdə isə həftədə 3 dəfə dərsə gedəcəklər. Həftənin digər günləri distant – məsafədən təhsil olacaq, yəni onlayn qaydada. İnternet üzərindən, kompüterlə. Kimin smartfonu varsa, onunla. Planşetlə... Görəsən, nə qədər şagirdin kompüteri, planşeti var, lap elə mobil telefonu (elə zənn etməyək ki, hamının mobil telefonu var). Tutalım mobil telefonu var, planşeti də. İnternet də lazımdı axı. İnternet paket də. Kəndli qadın deyirdi ki, 15 manatlıq meqabayt alır, 2 uşaq heç çatmır. Neyləyək?!. Bu uşaqlar onlayn tədrisə necə qoşulacaq və tədris proqramını mənimsəyə biləcəkmi? 



Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında ölkədə karantin qaydaları tətbiq edilməyə və onlayn təhsilə keçid başlanandan bu problem barədə danışıldığını dedi: 

- Bəli, bu problem var, qapımızın ağzındadı. Dəfələrlə də tərəfimizdən deyilib. Təhsil Nazirliyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu dəqiqə masasının üzərində statistik rəqəmlər olmalıdır ki, əhalinin neçə faizinin internetə çıxış imkanları var, nə qədər insan bundan əziyyət çəkir, nə qədər şagird üçün onlayn tədris əlçatandır. Bu göstəricilərə uyğun da iş aparılmalıdır. Bütün ölkələrdə bu problem var, amma hər ölkə də problemi bir cür həll edir. Məsələn, mən Qazaxıstan hökumətinin gördüyü iş barədə yazmışam. Qazaxıstanda hökumət distant təhsilin təşkili məqsədilə  şagirdlərə 450 000 kompüter paylayacaq.

Qazaxıstanda da dərslər distant formada təşkil olunur. Təxminən 7 min məktəbdə 3 .3 milyon şagirdin təhsil aldığı bildirilir. Ehtiyacı olan şagirdlərin hamısının kompüter təminatını Qazaxıstan hökuməti öz üzərinə götürüb. Hökumət bu məqsədlə monitorinq keçirib və bunun əsasında bu dərs ilində həssas qrupdan olan şagirdlərə kompüter paylanacaq. Təkcə bir vilayətdə, Alma-Atada 55 min kompüter üçün büdcədən 19 milyon dollar, Nur Sultanda 34 min kompüter üçün 14 milyon dollar vəsait ayrılıb. Qazaxıstan hökuməti həmçinin həssas qrupdan olan ailələrin hər bir uşağının məktəbə hazırlaşması və məktəb ləvazimatı alması üçün 156 manat vəsait ödəyəcək. Ölkəmizdə hələ də TN və NRYTN şagirdlərin və tələbələrin kompüter təminatının və internetə əlçatanlığın vəziyyəti ilə bağlı aparılan monitorinqin nəticələrini açıqlamayıblar. Bildiyim qədər vəziyyət heç də xoşagələn deyil. Bu problemin həlli üçün hansı addımların atılacağı haqqında hələlik rəsmi bir açıqlama yoxdur. 

Nə etmək olar? Məsələn, ölkədə fəaliyyət göstərən provayderlər, mobil operatorlar şagirdlərə güzəştli paketlər təqdim etsinlər. Türkiyədə belə edirlər. Həm də həmin paketlərlə şagird başqa xəbər saytlarına, portallara, şagird üçün lazımsız olan səhifələrə daxil ola bilməyəcək.

Həmin internet paketdən yalnız tədrislə bağlı istifadə edə biləcək. Bizdə də belə üsul tətbiq olunmalıdır. Əyani təhsildə şagirdin kompüterə sahib olmaq kimi bir öhdəliyi yoxdur. Karantin rejimidirsə, şagirdlərin əyani təhsilə tam cəlb olunması təhlükəlidirsə, o zaman aidiyyəti qurumlar şagird üçün lazım olan şəraiti yaratmalıdırlar. Bu, onların vəzifəsidir.

Deyirsiz, Fatmayı kəndinə internet xətti yoxdur. Belə kəndlər çoxdur. Hansı ki, yeraltı, yerüstü rabitə hələ oralara gedib çıxmayıb. Bunun üçün də konkret dövlət proqramı hazırlanmalıdır.