İqtisadi Şura vaxtında yaradıldı

Proqnoz vermək mümkün deyil ki, bir həftə sonra nə olacaq?

Yeni qurum konkret hansısa sahəyə deyil, bütövlükdə ölkə iqtisadiyyatında gedən proseslərə cavabdehlik daşıyacaq

Baş nazir Əli Əsədovun sədrliyi ilə Prezidentin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın ilk iclası keçirilib. Baş nazir qeyd edib ki, İqtisadi Şura mürəkkəb dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün əlverişli institutdur. Onun sözlərinə görə, İqtisadi Şuranın qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün bütün təşkilati, iqtisadi və maliyyə imkanları var. Ə.Əsədov bildirib ki, Prezidentin tapşırığına əsasən, İqtisadi Şura iqtisadi siyasətin çərçivələrinə dair Proqram hazırlamalıdır.

Özəl investisiyaların cəlbi yeni dövr iqtisadi siyasətinin əsas istiqaməti olmalı, özəl sektorun aparıcı rolu təmin edilməli, investisiya mühitinin yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atılmalıdır. İqtisadi Şura yerli və xarici ekspertləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə bilər. İclasda Şura üzvləri də çıxış edərək uzunmüddətli iş planının hazırlanması, islahatların istiqamətləri haqda fikirlərini bildiriblər. Sonda baş nazir vurğulayıb ki, İqtisadi Şura hər altı aydan bir görülmüş işlər barədə Prezidentə məruzə edəcək. 

İlk iclasını keçirən İqtisadi Şuranın perspektivi ilə bağlı “Şərq”ə danışan iqtisadçı-ekspert Pərviz Heydərov deyib ki, Şuranın önəminə diqqət çəkmək üçün yaradılması prosesinə nəzər yetirmək lazımdır. İqtisadçı vurğulayıb ki, 2014-16-cı illərdə neftin qiyməti dünya bazarında düşdükdən sonra Azərbaycan böyük iqtisadi şok yaşadı. Bir il ərzində iki dəfə devalvasiya oldu, ümumi daxili məhsulun həcmi azaldı:

“Həmin böhrandan sonra İqtisadi Şuraya bənzər bir sıra qurumlar yaradıldı. Məsələn, Maliyyə Şurası və daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatası təsis edildi. Məqsəd o idi ki, makro-iqtisadi vəziyyəti müəyyən edən sahələr üzrə baş verən proseslərə nəzarət etmək, prosesləri çərçivədə saxlamaq mümkün olsun. Əslində həmin qurumların yaradılması sual doğurdu ki, əgər söhbət maliyyə sektorunda baş verən proseslərdən gedirsə, ayrıca Maliyyə Şurası və Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması nə məqsəd daşıyır? Bu, paralelçilik deyilmi?! Sonradan neftin qiyməti stabilləşdi, 2017-ci ildən etibarən vəziyyət nisbətən düzəlməyə başladı, iqtisadi tənəzzülün qarşısı alındı və məlum oldu ki, bu cür qurumların yaradılması gözlənildiyi nəticəni verməyib. Səlahiyyətləri ləğv edilərək Mərkəzi Banka qaytarıldı.

Sonra Maliyyə Şurası da ləğv olunaraq əvəzində İqtisadi Şura yaradıldı. Şuranın tərkibinə nəzər yetirsək, belə bir qurumun  yaradılmasının nə qədər əhəmiyyətli olduğunu görərik. Söhbət ümumən ölkə iqtisadiyyatına və burada baş verən proseslərə nəzarət edən vahid qurumdan gedir. Yəni Şura konkret hansısa sahəyə deyil, bütövlükdə ölkə iqtisadiyyatında gedən proseslərə cavabdehlik daşıyacaq. “Manatın dəyərini saxlayaq”, “maliyyə bazarlarına nəzarət edək”, “bank sektorunda vəziyyət yaxşı olsun” və s. bu tipli spesifik məsələlərlə məşğul olmayacaq”. 

P.Heydərovun sözlərinə görə, İqtisadi Şura qlobal iqtisadi böhranlar yaranan zaman mənfi təsirlərdən qorunmağın və qarşıdakı 10 il ərzində ÜDM-nin faizini artırmağın yollarının təmin edilməsi ilə məşğul olacaq:

“Ən əsası isə ölkəyə investisiya axınının baş verməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində yollar axtaracaq. Bu mənada belə bir qurumun yaradılması, rəhbərliyin baş nazirə həvalə olunması, ildə iki dəfə görülən işlərlə bağlı hesabatlar verməsi ölkə iqtisadiyyatının keyfiyyətli inkişafına ümidləri artırır. Şuranın məhz indiki şəraitdə yaradılması da müsbət əhəmiyyət kəsb edir. Çünki 2020-ci il dünya iqtisadiyyatı, o cümlədən bizim üçün çox gərgin il oldu.

İlin başa çatmasına 3 ay qalıb, amma proqnoz vermək mümkün deyil ki, bir həftə sonra nə olacaq? Pandemiya bizə ikitərəfli zərbə vurdu, həm neftin qiymətini aşağı saldı, həm də daxili iqtisadiyyatı demək olar ki, dondurdu.

O baxımdan İqtisadi Şuranın belə bir dövrdə yaradılması müsbət addımdır. Əhəmiyyəti ondan ibarətdir ki, gələcəkdə bu cür forsmajor halların yaşanmayacağına heç bir təminat yoxdur. Əvvəllər gələcək illər üçün proqnozlar vermək mümkün idi, amma indi imkansızdır”.