“İndi vətəndaşların davranış qaydaları, məsuliyyəti olduqca vacibdir”

“Hər bir vətəndaş qaydalara əməl etməklə dövlətimizin bu sahədə effektiv mübarizə aparmasına yardımçı olmalıdır”


Payız aylarında pandemiyanın ikinci dalğasının başlana biləcəyinə dair  xəbərdarlıqlar olunur.  İkinci dalğa barədə müzakirələr tək Azərbaycanda deyil, bütün dünyada aparılır. Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) mətbuat katibi Marqaret Harris olduqca maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, təəssüf ki, ötən həftədən bəri koronavirus infeksiyası ilə əlaqədar uğursuz dinamika müşahidə olunur. ÜST rəsmisi koronavirusun ikinci dalğası ilə bağlı dünya ölkələrinə xəbərdarlıq edib. 

Pandemiyasının yenidən aktivləşəcəyi ilə bağlı proqnozlar təəssüf ki, təsdiqlənir. Yoluxma səviyyəsinin azalma müşahidə olunduğu ölkələrdə xəstə sayından kəskin artım qeydə alınıb. İndiyədək az yoluxma qeydə alınan qonşu Gürcüstanda vəziyyət gərginləşməyə başlayıb. Məlumdur ki, ölkəmizdə kafe və restoranların fəaliyyətinin bərpası, yeni tədris ilinin başlanması, rayonlara gediş-gəlişə icazə verilməsi indi ən çox müzakirə predmetinə çevrilən məqamlardandır. Bu baxımdan əhalinin məsuliyyətli olması olduqca vacib məsələdir.

Millət vəkili Soltan Məmmədov “Sherg.az”a bildirib ki, ölkəmizdə yoluxma sayının artması karantin qaydalarının hansı səviyyədə icra olunması ilə bağlıdır. Parlament üzvü vurğulayıb ki, bu günə qədər dövlət tərəfindən təmin olunmuş qoruyucu vasitələrin mövcudluğu, qısa zamanda maska istehsalı üçün müəssisələrin yaradılması bizə payız fəslində qarşıya çıxa biləcək problemlərin həllində böyük dəstək olacaq:

“Virusa yoluxanların sayında artım olsa belə, tibbi baxımdan bu çətinliklərə hazırıq. Xəstəxanalarımızda kifayət qədər çarpayı sayı var. Eyni zamanda reanimasiya xidmətimiz gücləndirilib. Həkimlərimiz dünyada yeni infeksiya ilə mübarizədə kifayət qədər təcrübəyə malikdir.

Ölkəmizdə həm tibb müəssisələrinin, həm laborator xidmətlərin təmin olunması test və dərman təminatı mübarizə aparmağımıza kömək olur. Lakin vətəndaşların davranış qaydaları, məsuliyyəti olduqca vacibdir.
Hər bir vətəndaş qaydalara əməl etməklə dövlətimizin bu sahədə effektiv mübarizə aparmasına yardımçı olmalıdır”.