“Tofiq Yaqublunun məsələsində humanizm əsas götürüldü”

Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublu barəsində hökmdən verilən şikayətlə bağlı məhkəmə iclası keçirilib. Hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.
Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov bildirib ki, hazırda xəstəxanada müalicə alan T.Yaqublunun səhhəti imkan versə, xəstəxanadan evə buraxılacaq, əks halda müalicəsi xəstəxanada davam etdiriləcək.

Məhkəmənin növbəti iclası sentyabrın 28-ə təyin edilib.

Məsələ barədə “Sherg.az”a danışan millət vəkili, professor Rüfət Quliyev bunu dövlətin humanist siyasətinin növbəti təzahürü kimi qiymətləndirib: 

“Tofiq Yaqublu onsuz da ağır vəziyyətdədir. Odur ki, belə bir xoşməramlı addım atdığına görə qırx min seçicim və şəxsən öz adımdan dövlət başçısına minnətdarlıq edirəm. Cənab Prezident həmişə olduğu kimi, indi də humanizm siyasətini əsas götürdü. Allah ona və ailəsinə cansağlığı versin”.