Məhkəmə qərar verdi

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

Ziyalılarımızın, millət vəkillərinin, hüquq müdafiə təşkilatlarının xahişi nəzərə alındı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. Dünən Apelyasiya Məhkəməsi Tofiq Yaqublunun barəsindəki hökmdən verilən şikayətə baxıb. Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edib. Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib. Vəkil Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, T.Yaqublunun səhhəti nə vaxt imkan versə xəstəxanadan evə buraxılacaq. Məlumat üçün bildirək ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə səhhətindən dolayı T.Yaqublu özü iştirak etməyib. O, Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Son günlər barəsində çıxarılan hökmə etiraz olaraq aclıq edirdi. Bu səbəbdən Penitensiar Xidmətin İstintaq Təcridxanasından “City Hospital”a köçürülmüşdü. 

Tofiq Yaqublu barədə qərarın dəyişdirilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti ənənəvi olaraq hüquqi imkanlar daxilində humanist siyasətin təmin olunmasında maraqlıdır.

Bu isə o deməkdir ki, hər bir vətəndaşın həyatı, sağlamlığı dövlətimiz üçün olduqca qiymətlidir. Məlumdur ki, xeyli sayda ziyalılarımız, millət vəkillərimiz, hüquq müdafiəsi təşkilatları Tofiq Yaqublu üçün humanist mövqe ortaya qoyulmasını xahiş edirdilər. Nəticədə hüquq sistemi bütün nüansları nəzərə alaraq ölkəmizdə həyata keçirilən cinayət hüququnun humanistləşdirilməsi kontekstində yeni qərar qəbul etdi və bu qərar hamı tərəfindən alqışlandı. 

Penitensiar Xidmətdən bildirilib ki, məhkəmə humanistlik göstərərək Tofiq Yaqublu barəsindəki həbs qərarını ev dustaqlığı ilə əvəzləyib:

“Mətbuatda məlumat verildiyi kimi, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 02.09.2020-ci il tarixdən yemək qəbulundan imtina edib, bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülərək o, təcridxananın tibb məntəqəsinə köçürülüb. Eyni zamanda, onun şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilib.

A.Qeybulla onun səhhətinə gündəlik nəzarət edilməsi və müalicəsinin aparılması üçün çalışdığı xəstəxanaya - “City Hospital”a köçürülməsini xahiş edib. Bununla əlaqədar T.Yaqublunun səhhətinə qayğı və həssaslıqla yanaşılaraq, o, 12.09.2020-ci il tarixdə həmin xəstəxanaya yerləşdirilib.

17.09.2020-ci il tarixdə T.Yaqublu "City Hospital"da TƏBİB-in və Ədliyyə Nazirliyinin Tibb xidmətinin həkimləri tərəfindən birgə müayinə olunub, vəziyyətinin orta ağırlıqda stabil olduğu müəyyənləşib.

Hazırda T.Yaqublunun fizioloji göstəriciləri normal olsa da, o, əsasən yataqdadır, başgicəllənmədən, ümumi halsızlıqdan şikayət edir. Hazırkı durumu onun məhkəmə prosesində iştirakına çətinlik törədir.

T.Yaqublunun müdafiəsini həyata keçirən vəkillərin hökmdən verdikləri apelyasiya şikayətləri və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti Bakı Apelyasiya Məhkəməsinin icraatında olduğundan, Tibb xidməti tərəfindən onun səhhət durumunun nəzərə alınması ilə bağlı məhkəməyə müraciət edilib.

Həkimi Adil Qeybulla qərarı humanist addım kimi qiymətləndirib və yaranmış vəziyyəti kampaniyaya çevirərək T.Yaqublunun həyatı bahasına öz çirkin niyyətlərini həyata keçirmək istəyənlərin davranışını qınayıb: “Bəzi internet televiziyalar, xüsusilə də Amerikada oturanlar, görünür, bu prosesin uzanmağında maraqlıdırlar. Maraqlıdılar ki, bu proses uzansın, T.Yaqublu aclığı davam etdirsin, komaya düşsün, ağır vəziyyətə düşsün, onlar da bundan istifadə etsinlər. Bu, açıq aydın hiss olunur”. 

Ölkənin əsas KİV-ləri, sosial şəbəkə istifadəçiləri, QHT və siyasi partiya nümayəndələri T.Yaqublunun vəziyyətinin ağırlaşmasını və hətta ölümünü istəyərək bundan yararlanmağa çalışan radikal müxalifəti, xaricdəki 5-ci kolonu ciddi şəkildə qınayıblar.

Radikal müxalifətin və xaricdəki 5-ci kolonun bu qərarı “qələbə” kimi yozması, bundan sui-istifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur.

Əlbəttə, T.Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir. Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməyə təsir etmək mümkün deyil və belə cəhdlər həmişə olduğu kimi iflasa məhkumdur.

Qərarla bağlı “Şərq”ə danışan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu deyib ki, Tofiq Yaqublu sıradan adam deyil, dövlətimizin müstəqiliyi uğrunda mübarizədə iştirak etmiş insandır. Qarabağ qazisidir. Partiya funksioneri deyib ki, T.Yaqublunun həbsi ictimai məsələyə çevrilmişdi:

“Ölkənin tanınmış şəxsləri, ziyalıları Tofiq Yaqublunun həbsdən azad olunması ilə bağlı çoxsaylı müraciətlər etmişdi. Tofiq bəyin ölüm aclığına başlaması bu prosesi bir qədər tezləşdirdi.

Hətta sentyabrın 28-nə təyin olunmuş Apelyasiya Məhkəməsi ayın 18-i ilə əvəzləndi. Hər halda Tofiq Yaqublunun ev dustağlığına buraxılması çox müsbət və təqdirəlayiq qərardır, alqışlayıram. Ev şəraitində onun müalicəsi davam etdirilməlidir, adaptasiya prosesi sürətlənməlidir. Tofiq bəy mənim məhbəs yoldaşımdır, onunla birgə həbsdə olmuşuq. Hesab edirəm, Tofiq Yaqublu kimi şəxslər qorunmalıdır”.  

Millət vəkili Vahid Əhmədov da bildirib ki, Prezident İlham Əliyev hər zaman bu məsələlərə humanist yanaşır. Onun sözlərinə görə, Tofiq Yaqublunun həbsdən evə buraxılması sevindiricidir:

“Bir daha xahiş edirəm ki, Tofiq Yaqublunun cinayət işinə birdəfəlik xitam verilsin. Qarabağ qazisi, jurnalist Tofiq Yaqublu Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər tanınmış bir insandır. Hesab edirəm ki, Tofiq Yaqublunu birdəfəlik azadlığa buraxmaq lazımdır. Çünki Azərbaycan ictimai həyatında hörmət bəslənən, vətənpərvər bir insandır.

Həmçinin Qarabağ qazisidir. T.Yaqubluya 4 il 3 ay həbs verilməsi həddən artıq ağır cəzadır. Onun azad edilməsi ilə bağlı müraciətlər çoxdur. Nəhayət ki, o, hələlik ev dustaqlığına buraxıldı. Ümid edirəm ki, tezliklə tam şəkildə azadlığa buraxılacaq”.