Bu işin güzəşti yoxdur ! - "Korrupsiyaya meyl edən məmur cəzalanır" -  Prinsipial mövqe

“Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar kursu korrupsiya, rüşvətxorluq, süründürməçilik hallarının aradan qaldırılmasını prioritet kimi nəzərdə tutur”. 

Bunu “Sherg.az” açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

Partiya rəhbəri bildirib ki, məqsəd ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi nə nail olmaqdır: 

“Ölkə rəhbərinin bu məsələdə heç kimə güzəşt etmək fikri yoxdur. MHP olaraq cənab Prezidentin korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılması istiqamətində tutduğu bu cür prinsipial mövqeyini alqışlayır və dəstəkləyirik. Əminik ki, bundan sonra korupsiyaya qarşı mübarizə işi daha da səmərəli aparılacaq. Çünki korrupsiyaya qarşı mübarizə artıq keyfiyyətcə tamamilə yeni müstəviyə keçib.

Hazırda dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, o cümlədən ictimai şuraların fəaliyyətinin genişləndirilməsi üçün önəmli tədbirlər görülür. Sevindirici haldır ki, ölkə vətəndaşlarının da bu istiqamətdə görülən işlərə münasibəti, reaksiyaları adekvatdır.

Belə ki, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşılması, bürokratik əngəllərə, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə aparılması əhali tərəfindən təqdir olunur. İnsanlarımız ölkə başçısının məmurlara qarşı prinsipial mövqeyini rəğbətlə qarşılayır”.

Ə.Hüseynov vurğulayıb ki, Prezident yeni kadrları vəzifələrə təyin edərkən idarəetmə strukturlarındakı mövcud neqativ hallarla, məmur özbaşınalıqları ilə əlaqədar öz iradlarını onların diqqətinə çatdırır: 

“Dövlət başçısı yeni kadrlara bu cür hallara yol verməmələri barədə məsləhət və tövsiyələrini, ciddi tapşırıqlarını verir. Eyni zamanda onlara xəbərdarlıq edir ki, əgər yeni təyin olunanlar verilən tapşırıqları icra edə bilməsələr, cəzalanacaqlar.

Prezidentin bu addımı artıq öz müsbət nəticəsini göstərməkdədir. Dövlətin və xalqın mənafelərinə zərər vuranların, hökumətin fəaliyyətinə kölgə salanların, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərin sayı get-gedə azalır.

İnanırıq ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibinin fəaliyyəti də korrupsiya hallarının qarşısının alınması işinə öz töhfəsini verəcək. Korrupsiyanın, rüşvətxorluğun genişlənməsi ölkənin iqtisadi inkişafını əngəlləyir, çeşidli sosial layihələrin həyata keçirilməsinə süni maneələr yaradır, cəmiyyətin mənəvi sağlamlığını zədələyir.

Cənab Prezident də məhz bu kimi məqamları nəzərdə tutaraq hər zaman vurğulayıb ki, korrupsiya, rüşvətxorluq halları ölkənin ümumilikdə inkişaf tempinə zərbə vurur.

Ona görə də, korrupsiya, rüşvətxorluğun qarşısı mütləq alınmalıdır. Düşünürəm ki, ölkənin bütün siyasi qüvvələri bu prosesə dəstək verməlidirlər”.