Aqrar sektorda absurd güzəşt mexanizmləri var

Fermer əkib becərməmiş, istehsala başlamamış banklar hər ay faiz ödənişi tələb edir

Son illərdə Azərbaycanda aqrar sektorun inkişafına dövlət səviyyəsində ciddi dəstək göstərilir ki, bu da təsadüfi deyil. Respublikamızda kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar mövcuddur. Aqrar sektorda aktivliyin artırılması regionlarda yaşayan insanların məşğulluğunun təmin olunmasına, onların gəlirlərinin artmasına yeni imkanlar açır ki, bu da ciddi sosial əhəmiyyət daşıyan məsələdir.

Ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq məqsədilə fermerlərə göstərilən dövlət qayğısı həm daha səmərəli və çevik hüquqi mexanizmlərin yaradılmasını, institusional sferanı, həm də torpaq mülkiyyətçilərinə praktiki müstəvidə dəstək tədbirlərinin genişləndirilməsini əhatə edir. 

Bəs, görəsən, aqrar sektorda olan güzəşt mexanizmləri özünü doğrulda bilirmi?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  vurğulayıb ki, son zamanlar dövlət tərəfindən aqrar sektora yetərincə dəstək, böyük həcmdə subsidiyalar və güzəştlər tətbiq olunur.  O bildirib ki, ancaq aqrar sektorda hədsiz qarmaqarışıq mexanizmlər, düzgün olmayan yanaşmalar və absurd güzəşt mexanizmləri var: "Əvvəllər düzgün olmayan subsidiya mexanizmi nəticəsində fermerlərə güzəştlə 8 manata verilən gübrənin qiymətinin qara bazarda 20 manat  və dövlətdə isə onun açıq satışının 26 manat 67 qəpik olması ilə bağlı məlumat vermişdim. Yəni, gübrəyə ehtiyacı olanlar, lakin absurd tənzimləmə ucbatından güzəştə düşməyənlər məcburdur ki, başqasına güzəştlə verilən gübrəni baha qiymətə bazardan alsın. Güzəştsiz gübrənin dövlət qiyməti agrolizinqdə baha müəyyən olunduğundan qara bazarın inkişafı üçün münbit şərait yaranıb".

"Daha bir məntiqsizlik isə güzəştli, aqrar kreditlə bağlıdır. Təsəvvür edin ki, dövlət 7 faizlə fermerlərə aqrar kredit verir. Bu, çox faydalı bir addımdır. Amma kredit fermerin əlinə çatan andan müvəkkil banklar hər ay geri ödəniş tələb edir.

Yəni kredit alan andan etibarən ondan istifadə etmədən geriyə aylıq ödəniş başlanır. Adı da qoyulur "aylıq faiz ödənişi". Çünki Kənd Təsərrüfatı Nazirliyi güzəştli aqrar kreditin qaydalarını belə müəyyən edib. Anlaşılmaz olan odur ki, kredit alan fermer nə etməlidir ki, bir ayda nə əkib nə yetişdirib, istehsal edib, satmalıdır ki, dərhal hər ay krediti qaytara bilsin. Tutaq ki, siz intensiv bağ salmaq istəyirsiz. Bağ ən azı 3 ilə bar verəcək. Amma siz bu məqsədlə aldığınız 3 illik güzəştli krediti, dərhal, elə birinici ilin birinci ayından ödəməyə başlayacaqsız. Absurd bir mexanizmdir. Beynəlxalq təcrübəyə nəzər salanda görmək olar ki, orada güzəştli kredit həm faizə, həm də zamana tətbiq olunur. Bizim aqrar sektorda tənzimləməni hazırlayanlar, nədənsə, güzəştin zamana tətbiq edilməsini unudublar"- deyə, O.Gündüz əlavə edib.