“Ukrayna daim Azərbaycanın yanındadır”- Qərb də dəstək verməlidir 

“Çünki “Şərq tərəfdaşlığı” proqramında ölkələrin ərazi bütövlüyünün təmin olunması prinsipi əsas prinsiplərdən biridir”

“Ukraynanın mövqeyi bizim üçün çox vacib və əhəmiyyətlidir. Fikrimcə, bu, Qərb üçün də əhəmiyyətli olmalıdır”


Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba da açıqlama verib:
“Azərbaycan bizim ərazi bütövlüyümüzü beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”.

Qeyd edək ki, Ukrayna əvvəlki illərdə də Ermənistanın yürütdüyü işğalçı siyasəti pisləyib. Tovuz hadisələrində olduğu kimi yenə də Kiyev Bakıya dəstəyini ifadə edir. Təbii ki, indiki məqamda bu dəstək ölkəmiz üçün vacibdir. Ümumiyyətlə, Azərbaycan-Ukrayna strateji tərəfdaş ölkələrdir.  Bu baxımdan ölkəmiz də Ukraynaya oxşar hadisələr zamanı tam dəstəyini bəyan edir. 



Ukraynanın mövqeyinin təqdirəlayiq olduğunu deyən politoloq İlqar Vəlizadə “Sherg.az”a bildirib ki, rəsmi Kiyev bütün beynəlxalq norma və prinsipləri dəstəkləyir. Analitikin fikrincə, Ukraynanın bu mövqeyi Avropa və ATƏT üçün bir göstərici olmalıdır:

“Avropa, xüsusilə Qərb həmişə Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib. İndi isə Qərbin dəstəklədiyi Ukrayna da Azərbaycanın yanında olduğunu bildirir və Ermənistanın siyasətini pisləyir.

Düşünürəm ki, bu fonda Qərbin də Azərbaycana dəstəyi olmalıdır. Çünki Şərq tərəfdaşlığı proqramında ölkələrin ərazi bütövlüyünün təmin olunması prinsipi əsas prinsiplərdən biri idi. Hətta son sammitdə deklarasiya qəbul olunub. Ermənistan Şərq tərəfdaşlığının üzvüdür.

Amma bu prinsipi kobud şəkildə pozur. Düşünürəm ki, belə vəziyyətdə Ermənistanı şərq tərəfaşlığından çıxarmaq, yaxud ona sanksiyalar tətbiq etmək lazımdır.

Məsələn, Qərb tərəfindən Ukraynanın əleyhinə çıxış edən Rusiyaya sanksiyalar tətbiq olunur, Ermənistana isə yox. Ukraynanın mövqeyi bizim üçün çox vacib və əhəmiyyətlidir. Fikrimcə, bu, Qərb üçün də əhəmiyyətli olmalıdır”.